AZ

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda bir sıra görüşlər keçirib

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausman ilə yenidən görüşmək xoş oldu.

Azərbaycanda iqtisadi inkişaf prioritetlərinin reallaşdırılması istiqamətində həyata keçirilən islahatlar, "Growth Lab" Mərkəzi ilə əməkdaşlıq, birgə fəaliyyət çərçivəsində reallaşdırılan "Yaşıl artım portalı" layihəsinin perspektivləri barədə fikirlərimizi bölüşdük”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Qeyd edək ki, ötən gün nazir Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə də görüşüb. Görüşdə ölkəmizlə iqtisadi əməkdaşlığın gündəmində olan prioritetlər, ticarət və enerji sahəsində tərəfdaşlıq, nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər vurğulanıb, Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.

Daha bir paylaşım isə SOCAR ilə İsveçrənin "SICPA SA" şirkəti arasında xidmətlərin göstərilməsinə dair sənədin imzalanmasına həsr olunub. Nazir Mikayıl Cabbarov bildirib ki, bu əməkdaşlıq müasir monitorinq texnologiyaları vasitəsilə birgə fəaliyyət çərçivəsinin yaranmasını təmin edəcək. Yeni həllər enerji təchizatı zənciri üzrə təhlükəsizliyin təmin edilməsinə və şəffaflığın artırılmasına töhfə verəcək.

Mikayıl Cabbarov "Coca-Cola" şirkətinin qlobal siyasət və dayanıqlılıq üzrə baş vitse-prezidenti Maykl Qoltsman ilə görüş barədə də paylaşım edib: “Şirkətin ölkəmizdə həyata keçirdiyi layihələr, investisiya planları, davamlı inkişaf, səmərəli infrastrukturun formalaşması istiqamətində təşəbbüslər və rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması üzrə perspektivləri müzakirə etdik”.

Seçilən
8
vergiler.az

1Mənbələr