AZ

Dərsliklər 3-5 il ərzində rəqəmsallaşdırılacaq

Milli Məclisin Elm və təhsil komitəsinin dünənki iclasında Azərbaycanda dərsliklərin rəqəmsallaşdırılması təklif edilib.

Belə ki, deputat Ceyhun Məmmədov dərsliklərdə problem olması fikri ilə çıxış edərək, onların  rəqəmsallaşdırılması üzərində işləmənin vacibliyinə diqqət çəkib.

Millət vəkilinin sözlərinə görə, vəsait baxımından dərsliklərdə səhvlər varsa, onların üzərində işlənilməsi, eləcə də digər məsələlərin elektron qaydada həyata keçirilməsi daha məqsədəuyğundur.

Sözügedən təşəbbüs dərsliklərin hazırlanması və yenilənməsi ilə yanaşı, xüsusilə texniki imkanları məhdud olan region və ucqar kənd məktəblərində elektron dərsliklərin tətbiqinin nə dərəcədə effektiv olacağı məsələsini də müzakirə predmetinə çevirir.

Modern.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, dərsliklərin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılaraq, elektron dərslik portalları yaradılsa da, rəqəmsallaşdırma prosesi hazırda bütün dərslikləri əhatə etmir. Onun sözlərinə görə, bunun üçün müəyyən zaman tələb olunur.

“Ehtimal etmək olar ki, qarşıdakı 3-5 il ərzində bu proses tam şəkildə həyata keçiriləcək. Dərsliklərin rəqəmsallaşdırılmasının üstünlükləri ilk növbədə həm təhsilalanlar, həm təhsilverənlər, eyni zamanda valideynlər üçün əlçatanlığın təmin olunması baxımından müsbət qiymətləndirilə bilər.

Digər tərəfdən, bu yanaşma şagirdlərin məktəbli çantasının ağırlığı problemini də gündəmdən çıxara bilər. Dərsliklərin planşetlər vasitəsilə daşınması ağır çantalarla bağlı narahatlığı aradan qaldırmış olur. Bundan əlavə, dərsliklərdə hər hansı texniki və ya elmi çatışmazlıq aşkar edildiyi halda elektron formatda onların operativ şəkildə düzəldilməsi mümkündür. Elə bir mexanizm qurula bilər ki, təhsilalanlar, təhsilverənlər və valideynlər mövcud səhvləri işarələyərək müvafiq qurumlara və ya müəlliflərə birbaşa təqdim etsinlər və bu qüsurlar vaxtında aradan qaldırılsın”.

Ekspert həmçinin vurğulayıb ki, dərsliklərin məzmunu və keyfiyyəti ilə bağlı müəyyən problemlər mövcuddur:

“Bu çatışmazlıqların aradan qaldırılması məqsədilə artıq bir müddətdir nazirlik tərəfindən ictimai dinləmələr keçirilir və düşünürəm ki, bu dinləmələr öz məntiqi nəticəsini verəcək. Nəticə etibarilə, hər hansı dərslik nəşrə və çapa verildikdə artıq təkmil variantda olmalı və paralel şəkildə rəqəmsallaşdırılmalıdır”.

E.Əfəndi eyni zamanda bəzi ucqar ərazilərdə hələ də həm internet, həm elektrik enerjisi ilə bağlı müəyyən çətinliklər mövcud olduğuna da diqqət çəkib:

“Lakin bu problemlər tam aradan qaldırıldıqdan sonra rəqəmsal dərsliklərdən istifadə həmin bölgələr üçün də daha əlçatan olacaq.

Bu prosesin mümkün mənfi cəhətlərindən biri kimi gözlərin zəifləməsi amili qeyd oluna bilər. Bunun qarşısını almaq üçün qoruyucu eynəklərdən və ekran qoruyucu vasitələrdən istifadə məqsədəuyğun hesab olunur. Ümumilikdə isə elektron dərsliklərin tətbiqi şagirdlərin təhsil göstəricilərinə müsbət təsir göstərəcək bir addım kimi qiymətləndirilə bilər”,- deyə ekspert bildirib.

Seçilən
15
1
modern.az

2Mənbələr