AZ

Əmək müqaviləsinə öncədən xitamla bağlı şərtlər daxil edilməsi mümkündürmü?

Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:

a) Tərəflərin qarşılıqlı razılığı;

Misal 1: İşəgötürən və marketinq meneceri müddətsiz əmək müqaviləsi imzalayırlar. Müqavilədə nəzərdə tutulur ki, işçi yeni məhsul brendinin reklamı ilə məşğul olacaq və əgər reklam nəticəsində məhsulların satışı 3 ay ərzində X manatı keçməsə, 4-cü ayın ilk iş günündə qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə xitam veriləcək.

b) Səhhəti ilə əlaqədar olaraq, işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə;

Misal 2: Sərnişin daşınması ilə məşğul olan aviaşirkət dövri olaraq pilotları tibbi müayinədən keçirir. Onlardan biri müayinədən imtina edərsə və ya tibb müəssisəsi əmək funksiyasının həyata keçirilməsi üçün pilotun səhhətində hər hansı problem aşkarlayarsa, bu, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

c) Əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda;

Nazirlər Kabininetin 14 yanvar 2002-ci il tarixli 7 saylı Qərarı ilə "İşçinin peşə xəstəliyinə tutulması ehtimalı yüksək olan iş yerlərinin Siyahısı” təsdiq edilib. Bu tip iş yerlərində işəgötürən işçi ilə əmək müqaviləsi imzalayarkən onu peşə xəstəliyinə tutulma ehtimalının olması haqqında məlumatlandırmalıdır.

ç) İşin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərtilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə;

Təcrübədə bu hala çox rast gəlinməsə də, əmək müqaviləsinin xitamı üçün maraqlı haldır.

Misal 3: İşəgötürən maliyyə nəticələrinin zəif olması səbəbindən işçi ilə qarşılıqlı razılıq əsasında onun əmək müqaviləsinə xitam verir. Amma işçi şərt qoyur ki, 4 aydan sonra onunla yenidən əmək müqaviləsi bağlanılsın. İşəgötürənin maliyyə göstəriciləri zəifləməkdə davam etsə də, o, məcburi öhdəlik götürdüyündən işçi ilə yenidən əmək müqaviləsi imzalamalıdır.

d) Bu maddənin tələblərinə əməl olunmaqla tərəflərin müəyyən etdiyi digər hallar.

İşəgötürən və işçinin qarşılıqlı razılığı əsasında bəzi hallar öncədən nəzərdə tutula bilər. Misal üçün, işəgötürən işçini işə qəbul edərkən onunla anlaşır ki, işçi müəyyən dövr ərzində ixtisası üzrə təhsil almalıdır və ya hansısa peşəkar sertifikatı əldə etməlidir. Əgər işçi qeyd olunan dövr bitənǝdək həmin öhdəliyi icra etmirsə, bu halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilir. Əmək müqavilələrinin bu şəkildə ləğvi zamanı əmrdə və əmək kitabçasında Əmək Məcəlləsinin xitama əsas verən müvafiq maddəsi mütləq qeyd olunmalıdır.

Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən, tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.

Əmək Məcəlləsinin 75-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən, əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Tərəflər əmək müqaviləsinə xitam verilməsinə dair onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər.

Misal 4: İşəgötürən işçi ilə 8 aylıq əmək müqaviləsi imzalayır. Müqavilədə qeyd olunur ki, işəgötürən işçinin gələcək dövr üçün əməkhaqlarını qabaqcadan ödəməklə onu işdən azad etmək hüququna malikdir. 4 aydan sonra işəgötürən işçiyə hər hansı səbəb göstərmədən onunla işləmək istəmədiyini bildirə və gələcək dövrün əməkhaqlarını ödəməklə onu işdən azad edə bilər.

Maraqlıdır ki, işəgötürənin qərarının əmək münasibətləri ilə bağlılığı yoxdur. İşçi bu halla razı deyilsə, şərəf və ləyaqətinin alçaldıldığını iddia edirsə, işəgötürən belə hallara yol verməməlidir.

İndi isə ƏMAS altsisteminə daxil etmək üçün nümunəvi bir halı qeyd edək.

Misal 5: İşəgötürən 50 yaşlı şəxsi yükdaşıma üzrə sürücü vəzifəsinə işə qəbul edir və əmək müqaviləsində qeyd aparır ki, işçi 65 yaşında pensiyaya çıxdığı zaman əmək müqaviləsinə xitam veriləcək. Bu zaman ƏMAS altsistemində əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar hissəsində “65 yaşında hüququ yaranan əmək pensiyasına çıxdıqda” qeydi yazılmalıdır.

Seçilən
17
vergiler.az

1Mənbələr