AZ

Azad edildikdən sonra bu məktəblərdə ilk dəfə tədrisə başlanıldı - FOTOLAR

İşğaldan azad edildikdən sonra ilk dəfə Xankəndinin Kərkicahan qəsəbə 1 nömrəli, Ağdam rayon Xıdırlı və Xocalı rayon Ballıca kənd körpələr evi-uşaq bağçası və Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində tədris prosesinə başlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli adıçəkilən təhsil müəssisələrində olub və ilk tədris prosesini yerində izləyib. 

Bağça və məktəblərdəki  təlim-tərbiyə şəraiti, maddi-texniki baza, uşaqların qidalanması, tədris mühiti, siniflərin komplektləşdirilməsi və təlimin təşkili vəziyyəti diqqət mərkəzində saxlanılıb. Eyni zamanda şagirdlərin təhlükəsizliyi, dərsə davamiyyəti və təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər müzakirə olunub.  

Ağdam rayonunun Xıdırlı kənd körpələr evi-uşaq bağçası körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı və  idman zalları balacaların ixtiyarına veriləcək. 

Xankəndi şəhər Kərkicahan qəsəbə 1 nömrəli körpələr evi-uşaq bağçası 60, Ballıca kənd körpələr evi-uşaq bağçası 55 yerlikdir. Məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var. 

Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbi isə 624 şagird yerlikdir. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana mövcuddur.

Xatırladaq ki, Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov ötən il iyulun 3-də Ağdam rayonunun Xıdırlı kənd körpələr evi-uşaq bağçasısının açılışında olublar. Həmçinin Prezident İlham Əliyev dekabrın 23-də isə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak edib. 

 

Seçilən
32
2
cebheinfo.az

3Mənbələr