AZ

"Səbail" "Sumqayıt"la qarşılaşacaq - "Onlardan qeyri-adi nəsə gözləmirəm"

Mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Səbail" yoxlama oyunu keçirib. Bakı təmsilçisi II Liqanın lideri "Qaradağ Lökbatan"la qüvvəsini sınayıb. Bayılda baş tutan matçdan "dənizçilər" qalib ayrılıblar - 2:0. 

"Səbail"in baş məşqçisi Adil Şükürov Fanat.Az-a açıqlamasında hazırlığı dəyərləndirib: 

"Təlim-məşq toplanışımız davam edir. Bir həftə əvvəl fiziki yükləmə fonunda U-21 ilə üz-üzə gəlmişdik. İkinci oyunumuzu "Qaradağ Lökbatan"a qarşı keçirdik. Bu görüşdə də yeni oyunçularımızı iş başında izlədik. Əslində, yeni qoşulduqları və ağır məşqlər davam etdiyi üçün onlardan qeyri-adi nəsə gözləmirəm. Bununla belə, hər biri özünü yaxşı tərəfdən göstərir. 
Növbəti oyunumuz sabah "Sumqayıt"ın əvəzedici komandası ilə baş tutacaq. Toplanışa ayın 28-də keçirəcəyimiz daha bir görüşlə yekun vurmağı planlaşdırırıq. Həmin gün "Xankəndi" ilə görüşü razılaşdırmışdıq. Amma məlum olduğu kimi, onlarda baş məşqçi dəyişikliyi olub, planları dəyişib. Qarşıdakı günlərdə sonuncu rəqibin kimliyi ilə bağlı suala aydınlıq gətiriləcək".

Qeyd edək ki, "Səbail" bu qış "Kəpəz"dən müdafiəçi Raul Məmmədovu, "Difai"dən yarımmüdafiəçi Roman Hüseynovu, "Şahdağ Qusar"dan hücumçu Roman Voronsovu transfer edib. Həmçinin malili Mohamed Sako və Rəhman Hacıyev "dənizçilər"lə yollarını ayırıb, müdafiəçi Emin Rüstəmov isə "Karvan-Yevlax" klubuna icarəyə verilib.

"Səbail" 12 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Mirağa

Seçilən
7
2
fanat.az

3Mənbələr