Bakının Nizami rayonunda restoranda keçirilən ad günü məclisində dava olub.
Vətəninfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Ş.Mirzəyev küçəsində yerləşən “Şerloks” adlı restoranda baş verib.
Zəngilan rayon sakini 1991-ci il təvəllüdlü Vaqif Vəliyev (ad-soyad şərti verilib – red.) ucadan nalayiq söyüşlərlə səs-küy salıb, ictimai qaydanı pozan hərəkətlər edib.
Həmçinin o, Nizami Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.
İş üzrə izahat verən Vəliyev bildirib ki, restoranda dostlarının ad gününü qeyd ediblər, spirtli içki içiblər: “Yanvarın 19-na keçən gecə saat 02:00-da hesabı ödəyərək çıxmaq istədik. Amma hesabın artıq yazıldığını gördük və administratorla mübahisə etdik. Bu vaxt polislər gəldi və dostlarımla polislərin arasında mübahisə yarandı. Mən də mübahisəyə qoşuldum. Əsəbi vəziyyətdə söyüşlər söysəm də, heç kimi təhqir etməmişəm”.
Vəliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə ittiham elan edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 10 gün müddətinə inzibati qaydada həbs edilib.