23-25 yanvar 2026-cı il tarixlərində İsveçrənin Sankt-Moritz şəhəri bir daha dünyanın polo mərkəzinə çevrilərək qarüstü polo üzrə 41-ci Dünya Kuboku turnirinə ev sahibliyi edəcək.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasında verilən məlumata görə, Sankt-Moritz gölünün donmuş buz qatı üzərində keçirilən turnirdə dünya miqyasında tanınmış və ən güclü idmançılar mübarizə aparacaq.
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə bu nüfuzlu yarışda ölkəmizi “Land of Fire” komandası təmsil edir.
1985-ci ildən etibarən hər il təşkil olunan bu ənənəvi yarış Enqadin vadisinin qarla örtülmüş möhtəşəm dağları fonunda yüksək səviyyəli oyunlar və eksklüziv sosial tədbirlərlə yadda qalır.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin tarixi, mədəniyyəti, zəngin turizm imkanlarını təbliğ edən Azərbaycan pavilyonu fəaliyyət göstərir. Povilyonda müxtəlif milli brendlər, sənətkarlıq nümunələri və eksponatlar nümayiş olunur.