
Türkiyəli iş adamı Acun Ilıcalının ortağı, “Acun Medya”nın baş koordinatoru Esat Yontunç saxlanılıb.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, o, narkotik istintaqı çərçivəsində xarici ölkədən qayıdarkən İstanbul Hava Limanında saxlanılıb.
Əməliyyat İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə Bürosu tərəfindən həyata keçirilib.
Daha sonra o, tibbi müayinədən keçirilməsi üçün İstanbul Tibbi Ekspertiza Məhkəməsinə göndərilib.
Esat Yontunç fahişəliyə cəlb etmə və narkotik istifadəsini asanlaşdırma maddələri üzrə ittiham olunur.
Esat Yontunç kimdir?
Esat Yontunç 5 may 1969-cu ildə İstanbulda anadan olub. Moda Kollecində təhsilini başa vurduqdan sonra İstanbul Universitetinin Antropologiya fakültəsini bitirib.
O, 24 ildir ki, Acun Ilıcalı ilə işləyir.
2002-ci ildə Acun Ilıcalı ilə birlikdə “Acun Firarda” proqramının prodüserliyini edən Yontunç 2004-cü ildən “Acun Medya”da baş koordinator vəzifəsini icra edir. Yontunç “Acun Firarda”, “Devler Ligi”, “Fear Factor”, “Dokun Bana”, “Var Mısın Yok Musun”, “Survivor”, “O Ses Türkiye”, “Yetenek Sizsiniz”, “3 Adam”, “Rising Star Türkiye”, “O Ses Çocuklar”, “Ütopya”, “Komedi Türkiye”, “Saba İle Oyuna Geldik”, “Ver Fırına” kimi bir çox irimiqyaslı, yüksək büdcəli televiziya proqramlarında baş koordinator olub.