Son dövrlərdə Azərbaycanda türk qızılının qiymətində müşahidə olunan artım bir neçə əsas amillə bağlıdır.
Məsələ ilə bağlı, Milli.Az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, bahalaşmanın başlıca səbəbi dünya bazarında qızılın qiymətinin yüksəlməsidir:
“Qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya qorxuları və geosiyasi gərginliklər investorları daha etibarlı vasitə hesab edilən qızıla yönəldir. Bu da beynəlxalq bazarda qızılın qiymətinin kəskin artmasına səbəb olur”.
Ekspertin sözlərinə görə, digər mühüm amil Türkiyə lirəsinin dəyər itirməsidir. Qızılın dollarla qiymətləndirildiyini xatırladan A.Nəsirli vurğulayıb ki, lirə zəiflədikcə Türkiyədə qızılın qiyməti daha sürətlə artır və bu, Azərbaycana idxal olunan türk qızılının da bahalaşmasına gətirib çıxarır:
“Bundan əlavə, həm Türkiyədə, həm də region ölkələrində fiziki qızıla tələbatın artması qiymətlər üzərində əlavə təzyiq yaradır”.
Akif Nəsirli qeyd edib ki, bahalaşmanın davam edib-etməyəcəyinə əsasən dünya bazarındakı vəziyyətdən asılı olacaq:
“Əgər qlobal risklər, inflyasiya və valyuta problemləri davam edərsə, qızılın qiyməti yüksək səviyyədə qala və hətta müəyyən qədər arta bilər. Lakin qısa müddətdə bazarda enişlər və dalğalanmaların olması da mümkündür”.
Ekspertin fikrincə, qiymətlərin davamlı şəkildə artacağını qəti söyləmək çətin olsa da, yaxın dövrdə kəskin ucuzlaşma ehtimalı yüksək görünmür.