AZ

Əli Mustafa: Sülh Şurasında təmsilçilik Azərbaycanın təhlükəsizliyi üçün vacibdir

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Azərbaycan ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasında yüksək statusla təmsil olunacaq. Şuraya üzvlük Azərbaycana beynəlxalq təhlükəsizlik mexanizmlərində daha fəal iştirak imkanı yaradaraq ölkənin mövqelərini qlobal səviyyədə gücləndirə bilər. Bu platforma vasitəsilə Azərbaycan regional təhlükəsizlik təşəbbüslərində söz sahibi olmaqla yanaşı, risklərin erkən qiymətləndirilməsi və diplomatik təsir imkanlarını da artıracaq. Eyni zamanda üzvlük ölkənin sülh quruculuğu imicinin möhkəmlənməsinə xidmət edəcək.

Hüquqşünas və siyasi təhlilçi Əli Mustafa “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, Donald Trampın Azərbaycanı Sülh Şurasına dəvət etməsi olduqca müsbət hadisədir və bu, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzunun göstəricisidir.

Onun sözlərinə görə, Donald Tramp bu quruma altmışa yaxın dövləti dəvət edib və dünyada iki yüzdən çox ölkənin mövcudluğunu nəzərə alsaq, aydın olur ki, bütün dövlətlər bu siyahıya daxil edilməyib. Əli Mustafa qeyd edib ki, bu da Sülh Şurasına üzvlüyün müəyyən seçim və meyarlar əsasında formalaşdırıldığını göstərir.

Siyasi təhlilçi xatırladıb ki, Azərbaycan Sülh Şurasına təsisçi və qurucu dövlət statusunda dəvət olunub. Onun fikrincə, bu fakt müsbət hadisə olmaqla yanaşı, ABŞ-nın Azərbaycanın beynəlxalq nüfuzuna və mövqeyinə verdiyi dəyərin ifadəsidir.

“Əlbəttə, Sülh Şurasına dəvət almayan, eləcə də dəvət almasına baxmayaraq iştirakdan imtina edən dövlətlər də var. Lakin dəvət edilələrin mütləq əksəriyyəti bu təklifi qəbul edib”, - deyə Ə. Mustafa bildirib.

O, Sülh Şurasının gələcəkdə BMT-yə alternativ ola biləcəyi ilə bağlı fikirlərə də toxunaraq vurğulayıb ki, bunun nə dərəcədə mümkün olduğunu zaman göstərəcək: “Hazırkı mərhələdə Sülh Şurasının əsas diqqəti Fələstin məsələsinə yönələcək. Xüsusilə Qəzzanın taleyi, bərpası və əhalinin yerləşdirilməsi kimi məsələlər prioritet olacaq. Lakin istisna deyil ki, gələcəkdə qurum digər beynəlxalq problemlərin həlli ilə bağlı da təşəbbüslər irəli sürsün”.

Əli Mustafanın fikrincə, Sülh Şurası davamlı və funksional fəaliyyət göstərəcəyi təqdirdə, dünyadakı bir çox mübahisəli məsələlərə müdaxilə edə və onların həllinə töhfə verə bilər: “Bu, yeni beynəlxalq platformadır. Gələcəkdə beynəlxalq münasibətlərdə təsirli aktora çevrilməsi mümkündür. Bu halda ona BMT-yə alternativ kimi yanaşmaq olar. Çünki BMT bir sıra qlobal problemlərin, o cümlədən Qarabağ məsələsinin həllində gözlənilən nəticəni verə bilməyib”.

Sonda siyasi təhlilçi Azərbaycanın Sülh Şurasına dəvət edilməsini və bu qurumda iştirakını müsbət hadisə kimi dəyərləndirib: “Bu, Azərbaycanın beynəlxalq nüfuzuna xidmət edir. Ən vacib məqam isə təhlükəsizlik məsələsidir. Xüsusilə indiki gərgin və qeyri-müəyyən beynəlxalq şəraitdə Azərbaycanın Sülh Şurasında təmsil olunması ölkəmizin təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan bu platforma çərçivəsində bir sıra qlobal məsələlərin həllində fəal iştirak edə bilər”.

Nemət ORUCOV

Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
reyting.az

1Mənbələr