AZ

Beynəlxalq Təmiz Enerji Günü münasibətilə dəyirmi masa keçirilib

Bakı, 23 yanvar, AZƏRTAC

Beynəlxalq Təmiz Enerji Günü münasibətilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (İƏT TEM) və Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin birgə təşkilatçılığı ilə yanvarın 23-də ADA Universitetində dəyirmi masa və İƏT TEM Təmiz Enerji Hakatonunun Mükafatlandırma Mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 26 yanvar – Beynəlxalq Təmiz Enerji Gününü təsis edən Qətnaməsinə uyğun olaraq təşkil olunan dəyirmi masanın açılış sessiyasında energetika nazirinin müavini Elnur Soltanov, ADA Universitenin prorektoru, millət vəkili Fariz İsmayılzadə, İƏT TEM-in icraçı direktoru Aysel Yaqubova, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov və BMT-nin Azərbaycanda müvəqqəti rezident koordinatoru İqor Qarafuliç çıxış ediblər.

"Bərpaolunan enerjinin tətbiqinin sürətləndirilməsi üçün təmiz enerjiyə keçid və regional əməkdaşlıq modelləri" mövzusunda panel sessiyasında energetika nazirinin müavini Elnur Soltanov, bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Yaşıl Korridor Alyansının baş direktoru Tural Əliyev, COP29 Azərbaycan Gənclər üzrə İqlim Çempionu, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova çıxış edib.

Tədbir çərçivəsində Milli Məclisinin Təbii Sərvətlər, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanovun müəllifi olduğu “Azərbaycanın enerji strategiyası” kitabının təqdimatı keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Arif Həşimov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bu mövzuda fikirlərini paylaşıblar.

Tədbirin yekununda İƏT TEM-in təşkilatçılığı ilə keçirilmiş regional Hakatonun qaliblərinin mükafatlandırma mərasimi baş tutub. Hakaton Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan 16–35 yaş arası gənclər üçün nəzərdə tutulmuş və rəqəmsal, məlumat əsaslı enerji həllərinə fokuslanmışdır. İştirakçılar enerji səmərəliliyi, rəqəmsal maarifləndirmə və təmiz enerji siyasətinin dəstəklənməsi mövzularında 200-dən çox layihə təqdim ediblər. Beynəlxalq münsiflər heyətinin qərarı ilə 1-ci yeri Özbəkistandan Daşkənd İnformasiyalar və Texnologiyalar Universitetinin tələbələri Feruzbek Bakoev və Bobir Abdullayevdən ibarət olan komanda, 2-ci yeri Azərbaycandan Baki Ali Neft Məktəbinın tələbəsi Gülay Nəzərova, 3-cü yeri isə Qazaxıstandan Nazarbayev Universtetinin tələbəsi Erlan Dosbol qazanıb.

Bundan əlavə, Türkiyə nümayəndəsi Ahmet Erer Təmiz Enerji siyasətlərinin təhlili üzrə ən yaxşı rəqəmsal vasitə, Pakistan təmsilçisi Raza Ur Rehman Enerji Səmərəliliyi və Davranış Dəyişikliyi üzrə tətbiq oluna bilən ən yaxşı texnoloji ideya və Qırğızıstandan olan Altynbek Bakasov Enerji Şəffaflığı üzrə ən yaxşı texniki həll nominasiyalarının qalibləri seçiliblər. Həmçinin, Azərbaycan təmsilçisi Elgün Rzayevin “Weather Sync Smart Heat” layihəsi UNİDO tərəfindən xüsusi olaraq fərqləndirilmiş və Beynəlxalq Vyana Enerji və İqlim Forumunda təqdim olunacaq.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Təmiz Enerji Mərkəzi İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən, Dayanıqlı Enerji üzrə Regional Mərkəzlərin Qlobal Şəbəkəsi (GN-SEC) çərçivəsində yaradılmış regional təşkilatdır. Bakı şəhərində yerləşən İƏT TEM-in əsas missiyası regionda təmiz enerjinin inkişafını təşviq etmək, investisiya layihələrini dəstəkləmək, maliyyə və texniki resursları səfərbər etmək və regional əməkdaşlıq yolu ilə iqlim fəaliyyətini gücləndirməkdir. Təşkilatın Nizamnaməsi 2021-ci ildə qəbul edilmiş və UNIDO tərəfindən Azərbaycan Respublikası İƏT TEM-ə ev sahibi ölkəsi kimi seçilib. İƏT-in 2025-ci ilin iyul ayında Azərbaycanın Xankəndi şəhərində keçirilmiş Zirvə görüşünün Kommunikesində Mərkəzin yaradılması prosesinin yekunlaşdırılması alqışlanıb. 2025-ci ilin dekabr ayında Azərbaycan Respublikası Hökuməti iləİƏT TEM arasında ev sahibi ölkə sazişi imzalanıb. UNIDO-nun Dayanıqlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin (GN-SEC) bir hissəsi olaraq, Mərkəzin əsas missiyası İƏT regionu üzrə təmizenerjiyə keçidi və dayanıqlı sənaye inkişafını dəstəkləmək məqsədilə biliklərin, texnologiyaların və regional əməkdaşlığın səfərbər edilməsidir. İƏT TEM-in fəaliyyətə başlaması transformativ və inklüziv enerji həllərinə sadiqliyi nümayiş etdirir. Müasir texnologiyaların inteqrasiyası, regional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq dəstəyin səfərbər edilməsi vasitəsilə bu təşəbbüslər qlobal bərpa olunan enerjiyə keçidin sürətləndirilməsi ilə yanaşı, hamı üçün ədalətli və dayanıqlı nəticələrin təmin olunması potensialına malikdir.

 

Seçilən
53
1
azertag.az

2Mənbələr