AZ

Sosial yardım ala bilməyən ailələr: absurd bəhanələr və sistemin reallığı-Tural Abbaslıdan SƏRT SÖZLƏR

Son aylarda yenə ünvanlı sosial yardım ala bilməyən minlərlə ailə sosial şəbəkələrdə və aidiyyəti qurumlara müraciətlərində ciddi narazılıqlarını ifadə edir. Vətəndaşlar bildirirlər ki, gəlirləri minimum yaşayış səviyyəsindən aşağı olsa da, müxtəlif formal səbəblərlə müraciətləri rədd edilir. Xüsusilə regionlarda yaşayan aztəminatlı ailələr sosial yardım mexanizminin real vəziyyəti əks etdirmədiyini iddia edirlər.

Bu fonda sual yaranır: mövcud ünvanlı sosial yardım mexanizmi real ehtiyacı olan vətəndaşları hansı səbəblərlə kənarda qoyur və sistemdə hansı çatışmazlıqlar mövcuddur?

Ağ Partiya başqanı Tural Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, dövlət strukturları ilə vətəndaşlar arasında münasibətlər belə formalaşıb ki, məqsəd vətəndaşların hər hansı bir xidmətdən yararlanmasının qarşısını almaqdır:

“Yəni bütün mexanizm ona hesablanıb. Vətəndaşa yardım etmək, ona kömək etmək, vətəndaşı təmin etmək yox, və necə imtina etmək olar mexanizmi hesablanıb.

Artıq vətəndaş o baryerləri keçməlidir. Bu baryerlər aztəminatlı vətəndaşların tapılması, yaşayışının rahatlaşdırılması və gəlirlərinin artırılmasına hesablanmayıb. Mexanizm birmənalı olaraq büdcəni, sosial müdafiə üçün ayrılan vəsaiti vətəndaşlardan qorumağa xidmət edir. Bütün mexanizmlər aztəminatlı ailələrin yardıma əlçatanlığını məhdudlaşdırmaq məqsədilə qurulub.

Hər hansı vətəndaşın qabiliyyəti, bacarığı və mərifəti varsa, o baryerləri və imtahanları keçirsə, nazirlik və ya agentlik onun qarşısında bəhanə tapa bilmirsə, məcburən sosial yardımı verir. Amma ehtiyacı olan kifayət qədər ailələr var ki, müxtəlif və absurd bəhanələrlə onlara imtina yazılır və yardımdan yararlana bilmirlər.

Mən düşünürəm ki, Sosial Müdafiə Nazirliyi bu sosial yardım mexanizminin fəlsəfəsini başa düşməyib — məqsəd məhz imkansız ailələrə yardım etməkdir. Buna görə də vəziyyət belə davam edəcək. Məsələni Molla Nəsrəddin lətifəsi ilə müqayisə etmək olar: Molla Nəsrəddindən ip istəyirlər, deyir verə bilmərəm, üstünə un qurudur; deyirlər, axı ipi qurutmazlar; Molla deyir, ipi vermək istəməyəndə hər şeyi qurudurlar.

İndi də yardımı, büdcəni xalqa xərcləmək istəməyəndə hər cür bəhanələr tapılacaq. Ona görə də mən deyirəm ki, mexanizmlər qanunvericilik bazasında sadələşdirilməli, mexanikləşdirilməli və insan faktoru aradan qaldırılmalıdır. Yoxsa gəlir xidməti deyəcək: adamın evinə qaynanası qonaq gəlib, sən ailə üzvlərinin sayını az göstərmisən; rayon yerlərində insanların toyuğu-cüzəsi bir-birinin qapısına keçir, gəlir görür sənin qapında beş toyuq var, deyir iki dənəsi mənim deyil.

Bəhanə tapmaq üçün hər fürsət istifadə ediləcək. Niyyət dəyişməyincə isə heç nə mümkün deyil. Niyyət dəyişməli, mexanizm dəyişməlidir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr