AZ

Davos Forumu: Prezident İlham Əliyevin iştirakı Azərbaycanın qlobal iqtisadi mövqelərini gücləndirir

Bakı, 23 yanvar, AZƏRTAC

Davos Dünya İqtisadi Forumunun toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin və ölkə nümayəndə heyətinin iştirakı Azərbaycanın qlobal iqtisadi sistemdə mövqelərinin möhkəmləndirilməsi, milli maraqların beynəlxalq müstəvidə təşviqi və yeni iqtisadi imkanların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov bildirib.

Onun sözlərinə görə, Davos Forumu qlobal iqtisadi gündəliyin müəyyənləşdirildiyi aparıcı platformalardan biri kimi dövlətlərə öz inkişaf strategiyalarını təqdim etmək, beynəlxalq investorlarla birbaşa dialoq qurmaq və uzunmüddətli tərəfdaşlıqlar üçün etibarlı zəmin yaratmaq imkanı verir.

“Azərbaycan Prezidentinin bu nüfuzlu forumda iştirakı ölkəmizin siyasi sabitliyə, dayanıqlı iqtisadi inkişafa və açıq əməkdaşlıq mühitinə malik olduğunu bir daha nümayiş etdirir. Forum çərçivəsində keçirilən ikitərəfli görüşlər və yüksəksəviyyəli müzakirələr Azərbaycanın enerji, nəqliyyat-logistika, sənaye və rəqəmsal iqtisadiyyat sahələrində yeni investisiya imkanlarını beynəlxalq biznes dairələrinin diqqətinə çatdırır. Xüsusilə enerji təhlükəsizliyi məsələlərinin qlobal gündəmdə olduğu bir dövrdə Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu Davos platformasında bir daha ön plana çıxarılır. Eyni zamanda, Prezident İlham Əliyevin çıxış və görüşlərində Azərbaycanın iqtisadi diversifikasiya strategiyası, qeyri-neft sektorunun inkişafı, sənaye parkları və azad iqtisadi zonaların fəaliyyəti xüsusi vurğulanır. Bu yanaşma ölkəyə xarici kapitalın cəlb olunması ilə yanaşı, müasir texnologiyaların transferi və yeni istehsal sahələrinin yaradılması baxımından da mühüm perspektivlər açır”, - deyə deputat vurğulayıb.

Z.Şükürov qeyd edib ki, Davos Forumu Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi artan rolunun beynəlxalq ictimaiyyətə çatdırılması üçün də əlverişli tribuna rolunu oynayır. “Şərq–Qərb” və “Şimal–Cənub” nəqliyyat dəhlizləri üzrə həyata keçirilən layihələr ölkənin tranzit potensialını artırmaqla yanaşı, regionda iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edir: “Forumda aparılan siyasi-diplomatik təmaslar Azərbaycanın müstəqil xarici siyasət kursunu, regional sabitliyin təmin edilməsindəki rolunu və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri qlobal auditoriyaya çatdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu amil ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə və strateji tərəfdaşlıq münasibətlərinin genişlənməsinə mühüm töhfə verir. Beləliklə, Prezident İlham Əliyevin və Azərbaycan nümayəndə heyətinin Davos Dünya İqtisadi Forumunda iştirakı ölkəmizin iqtisadi maraqlarının müdafiəsi, yeni investisiya imkanlarının formalaşdırılması və Azərbaycanın qlobal iqtisadi proseslərdə fəal iştirakının təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bu iştirak Azərbaycanın dünya iqtisadiyyatında etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqelərini daha da möhkəmləndirir”.

Seçilən
111
azertag.az

1Mənbələr