Adi bir kadr belə qarşı tərəf üçün məlumatdır.
"Far.Az" xəbər verir ki, bu sözləri "Baku TV"nin əməkdaşı, hərbi jurnalist Fərdin İsazadə Far.Az Media Məktəbinin tələbələri ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, ərazi, yol və hərbi hərəkətin əks olunduğu istənilən kadr qarşı tərəf üçün əməliyyat məlumatına çevrilə bilər. Jurnalist cəbhə bölgəsindən yayımlanan görüntülərin təhlükəsizlik üçün riskli olduğunu söyləyib:
"Döyüş zonasından məlumat ötürmək jurnalistdən təkcə peşəkarlıq deyil, həm də ciddi etik məsuliyyət tələb edir. Müharibə şəraitində reportyor üçün əsas prinsip sensasiya deyil, təhlükəsizlik və dövlət maraqlarıdır. Bəzən bir kadr, bir cümlə canlı qüvvənin yerini, hərəkət istiqamətini ifşa edə bilər".
F.İsazadə vurğulayıb ki, ekstremal vəziyyətdə jurnalistin soyuqqanlı davranışı olduqca əhəmiyyətlidir:
"Emosiyaya qapılmaq, tələsik qərar vermək həm jurnalistin öz həyatı, həm də ətrafdakı hərbçilər üçün təhlükə yarada bilər. Müharibə zamanı jurnalist hadisənin bir parçasına çevrilməməli, müşahidəçi mövqeyini qorumalıdır".
O qeyd edib ki, müasir mediada reytinq uğrunda yarış bəzən təhlükəli həddə çatır:
"Reytinq naminə yayılan, dəqiqləşdirilməmiş və ya vaxtsız ötürülən məlumat real döyüş şəraitində ciddi fəsada səbəb ola bilər".
F.İsazadə əlavə edib ki, savaş jurnalistikası adi reportyorluqdan fərqlənir və xüsusi hazırlıq tələb edir. Onun fikrincə, jurnalistlər üçün təhlükəsizlik, etik davranış və informasiya məxfiliyi ilə bağlı xüsusi təlimlər keçirilməlidir.
Fərdin İsazadə 1978-ci ilin Bakı şəhərində anadan olub. İraqın Müstənsiriyyə Universitetində ərəb dili və ədəbiyyatı üzrə təhsil alıb. 2003-cü ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini ərəb dili ixtisası üzrə bitirib.
Jurnalist fəaliyyətinə 2003-cü ildə "Təhsil problemləri" qəzetində başlayıb. Sonralar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin UMCOR layihəsində, "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyində çalışıb. Bir sıra media qurumları ilə əməkdaşlıq edib. 2021-ci ildən "Baku TV"nin əməkdaşıdır.
İraq, Suriya, İsrail və bir sıra digər münaqişə zonalarında hərbi jurnalist kimi çalışıb. 44 günlük Vətən müharibəsinin, ondan öncə və sonra baş verən hərbi-siyasi proseslərin işıqlandırılmasında iştirak edib.