AZ

Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır

Qlobal maliyyə institutlarından biri olan HSBC qızıl bazarına dair qarşıdakı dövr üzrə gözləntiləri əks etdirən “Gold Outlook” hesabatını açıqlayıb.

Marja.az xəbər verir ki, hesabatda geosiyasi risklər və makroiqtisadi göstəricilər fonunda qızılın unsiya qiymətinə dair proqnozların əhəmiyyətli dərəcədə artırıldığı qeyd olunub.

Bank qızıl üçün uzunmüddətli proqnozlarını aşağıdakı kimi yeniləyib:

2026: Orta qiymət gözləntisi 4587 ABŞ dolları olaraq müəyyən edilib, ilin birinci yarısında 5000 ABŞ dolları həddinin sınaqdan keçirilə biləcəyi qeyd edilib.

2027: Daha əvvəl 3 950 ABŞ dolları olan proqnoz 4 625 ABŞ dolları səviyyəsinə yüksəldilib.

2028: 3630 ABŞ dolları səviyyəsində olan gözlənti 4 700 ABŞ dollarına yenilənib.

2029: İlkin proqnoz 4 775 ABŞ dolları olaraq açıqlanıb.

HSBC analitikləri yüksəliş proqnozları ilə yanaşı bazardakı mümkün risklərə də diqqət çəkiblər. Hesabatda rekord səviyyələrə çatan qiymətlərin zərgərlik məmulatları və sikkə tələbi üzərində təzyiq yaratdığı barədə xəbərdarlıq edilib.

Bundan əlavə, 2026–2027-ci illər dövründə mədən hasilatında gözlənilən artım və ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimi dövrünü başa çatdırmasının 2026-cı ilin ikinci yarısından etibarən "rallinin" sürətini zəiflədə biləcəyi proqnozlaşdırılır. Bank, bazarın qarşıdakı dövrdə yüksək volatillik (oynaqlıq) və geniş qiymət diapazonunda hərəkət edəcəyini gözləyir.

Qeyd edək ki, bu gün qlobal birjalarda qızılın unsiyasının qiyməti 4900 dolları keçib. 

Seçilən
18
marja.az

1Mənbələr