AZ

Sabaildə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

Sabail Rayon Veteranlar Cəmiyyətinin ofisində, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin dəfn gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir əvvəlcə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilməklə başlamışdır. Tədbiri giriş sözü ilə açan Birliyin sədri Mehriban Abdullayeva bildirib ki, 20 Yanvar hadisələrindən bizi yalnız 36 illik qısa bir tarix ayırır. Bu qısa müddət ərzində ölkəmiz müstəqillik qazanmış və xalqımız öz müstəqil dövlətini qurmuşdur. 20 Yanvar faciəsi zamanı amansız qətliam nəticəsində öldürülən oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuş, hər il insanlar Şəhidlər Xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəmanları yad etmişdir.

QHT.az xəbər verir ki, sovet ordusunun qanunsuz Azərbaycana yeridilməsi nəticəsində Bakıda və respublikanın digər rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış və 841 nəfər qanunsuz həbs olunmuşdur. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar da olmuşdur. Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi ehtiram onun mübariz ruhunun və milli hissiyyatının təzahürüdür. Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə gəlişi, sovet rejiminə etirazı və xalqımızın yanında olması xalqı birləşdirmişdir. Heydər Əliyevin Azərbaycana qayıdışı ölkəmizi ayaq üstə durmağa sövq etmiş, 1994-cü ildə neft kontraktlarının bağlanması və dünyanın böyük şirkətlərinin Azərbaycana dəvəti ölkəmizin dünyada tanınmasına nail olmuşdur. 44 günlük müharibə nəticəsində şəhidlərimizin qisası alınmış və qazandığımız qələbənin müəllifi Ali Baş Komandan İlham Heydər oğlu Əliyev olmuşdur.

Daha sonra çıxış edən Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas keçmiş xatirələrdən danışaraq, hər kəsin dərdlərinə şərik olduğunu bildirmişdir. O, gənclərin bu hadisələrə dərindən bələd olmasının vacib olduğunu vurğulamış, 20 Yanvar faciəsinin Azərbaycanın qan yaddaşı olaraq əbədi qalacağını qeyd etmişdir.

Növbəti çıxış edən Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyinin və Dünya Azərbaycanlıları Strateji Araşdırmalar və Təhlillər Mərkəzinin rəhbəri, politoloq Tofiq Əlizadə bildirib ki, son 300 ildə başımıza gətirilən faciələrdən biz lazımi nəticələr çıxara bilməmişik. Tarixən başımıza gətirilən qanlı hadisələr, o cümlədən 1918, 1988, 1990 və 1992-ci illərdə baş vermiş qanlı hadisələr buna misaldır. 20 Yanvar 1990 faciəsindən sonra dünyada yaşayan azərbaycanlılar təşkilatlanmağa başlamış və milli faciənin tanıdılması üçün müxtəlif ölkələrdə fəaliyyət göstərmişlər. Tofiq Əlizadə əlavə edib ki, gənclərimizin tarixi həqiqətləri bilməsi və yaxın tariximizin öyrənilməsi vacibdir. 20 Yanvar faciəsi Azərbaycan tarixində təkcə faciə deyil, milli azadlıq yolunun ilk zirvəsi və milli məfkurənin oyanış günüdür.

Tədbirdə çıxış edən digər ziyalılar isə şəhid ailələrinin sosial vəziyyətinə dövlətimizin daim diqqət yetirdiyini qeyd etmişlər. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid vermişdir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı “Qanlı Yanvar” faciəsini heç zaman unutmayacaq. Çıxışçılar, jurnalistlər və şairlər, o cümlədən Ramiz Məşədihəsənli, Kərəm Kərəmov, Güləmayıl Murad və QHT sədri Şamil, 20 Yanvar faciəsinin gələcək nəsillərə də unudulmadan çatdırılacağını vurğulamışlar. Tədbirin sonunda xatirə fotoları çəkilmişdir.

Seçilən
47
qht.az

1Mənbələr