“Maraqlı oyunlar izləyəcəyik”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu və məşqçisi Mahmud Qurbanov deyib.

Mütəxəssis qış fasiləsində komandaların hazırlıq prosesini dəyərləndirib: “Bir aylıq fasilədən sonra çempionat yenidən start götürür. Görünən odur ki, mövsümün sonuna qədər çox gərgin mübarizə gedəcək. Həm çempionluq, həm avrokuboklara vəsiqə qazanmaq, həm də autsayder komandalar arasında elitada qalmaq uğrunda ciddi rəqabət olacaq”.

Qurbanov bu axşam baş tutacaq “Neftçi”- “Zirə” matçı ilə bağlı fikirlərini bölüşüb: “Neftçi” Abu-Dabidə təlim-məşq toplanışı keçdi. Komandanın yeni baş məşqçisi Yuri Vernidub üçün bu müddət olduqca vacib idi. Düzdür, o, çempionatın birinci yarısının sonlarında komandaya qoşulmuşdu. Buna baxmayaraq, bir ay ərzində heyəti formalaşdırmaq, istədiyi oyun üslubunu komandaya aşılamaq üçün fürsəti oldu.

Abu-Dabidə keçirilən oyunlar pis təsir bağışlamadı. Ən müsbət məqamlardan biri isə yeni baş məşqçinin Murad Məmmədova daha çox şans verməsidir. Murad da qolları və oyunu ilə komandaya faydalı olduğunu göstərir.

“Neftçi”nin bu gün necə oynayacağı barədə isə konkret fikir söyləmək çətindir. Ancaq düşünürəm ki, komanda oyundan-oyuna güclənməlidir. Öz gücünü göstərməli, iddiasını ortaya qoymalıdır. Ümid edirəm ki, bugünkü oyundan başlayaraq bunu göstərə biləcək”.

Qeyd edək ki, “Neftçi”-“Zirə” matçı saat 19:00-da start götürəcək.