AZ

Kamran Əsədov məhkəmə zalında həbs edildi

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

APA xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

 

İş üzrə şahid qismində tanınan Ramin Abdullayev ifadəsində bildirib ki, Əfsanə adlı müəllimin vasitəsilə Gündüz Abbasovu tanıyıb: "Əfsanə müəllim övladımın təhsildə zəif olduğunu bilirdi. Mənə Gündüzün nömrəsini verərək dedi ki, belə adam var, imtahandan keçməyə kömək edəcək. Gündüzlə görüşdüm. O, mənə övladımın imtahandan keçməsinə kömək edəcəyini söylədiyi balaca bir şey, yəni qulaqçıq göstərdi. Mən də razılaşdım. Əvvəlcə 18 min manat istədilər. Onlara 9 min ödədim. Övladım Gəncədə verdiyi imtahandan kəsildi. Hələ də pulu geri almamışam”.

 

 

Prosesdə çıxış edən DİM-in nümayəndəsi bildirib ki, bu vasitələr ilk dəfə Azərbaycan Dövlət Aqrar Universitetində imtahan verən iki abituriyentdən tutulub. İşin üstü isə bundan sonra açılıb.

 

Digər şahid, imtahanlarda iştirak edən abituriyent Fərid Abdullayev ifadəsində deyib ki, Gündüz Abbasovu hazırlıq keçən müəllim kimi tanıyıb: "Gündüz Abbasovun imtahanda mənə kömək edəcəsyini atama dedim. Daha sonra biz Gündüz Abbasova müraciət etdik. İmtahana girməzdən öncə qulaqlıq taxmalı idim”.

 

İş üzrə şahid qismində tanınan Ruslan Çobanov məhkəmədə təqsirləndirilən şəxsləri tanımadığnı bildirib: "Mənə Anar adlı tanışım zəng etdi. İmtahanda qızına köməklik istədi. Mən də Gəncədən olan Namiq adlı tələbə yoldaşıma vəziyyəti dedim. Namiq məni Gündüzlə əlaqələndirdi. Bu iş üçün mənə 125 min dollar pulun lazım olduğunu dedilər. Mən bu məbləği valideynə dedim və o razılaşdı, məbləği mənə verdi. Mən həmin məbləğdən 77 min manatı onlara verdim və qalan pulu özümdə saxladım. İşin üstü açıldıqdan sonra bütün məbləğ qarşı tərəfə ödənilib”.

 

Daha sonra məhkəmədə iş üzrə təqsirləndirilən Kamran Əsədovun köməkçisi, qohumu Bəhman Huseynli ifadə verib.

 

O bildiriib ki, təqsirləndirilən Gündüz Abbasov Kamran Əsədovun tələbə yoldaşıdır: "Gültən adlı valideyn bizim yanımza gəldi. Kamran müəllimdən xahiş etdi ki, oğlunun imtahandan keçməsi üçün ona köməklik etsin. Kamran müəllim ona dedi ki, bunun məşğul olan insanlar var. Kamran müəllim də Gültən xanımı Gündüz Abbasovun yanına göndərdi. Bir dəfə də Gündüz bizim otağa qullaqlıqlar gətirdi. Gündüz Abbasov orada məşqlər edirdi. Sonra Gündüz tutuldu. Kamran müəllim də mənə otaqda olan qulaqlıqları istintaqa aparmağımı tapşırdı. Mən tapşırığı yerinə yetirdim”.

 

 

Prosesə sədrlik edən hakim deyib ki, Naftalan şəhər Polis Şöbəsinə Mehman Cəfərov adlı şəxsin də eyni hallarla bağlı Kamran Əsədov və Gündüz Abbasovdan şikayətçi olduğunu bildirib.

 

Hakim, qarşıdan gələn imtahanlarda da eyni halın baş verə biləcəyini deyib.

 

Dövlət ittihamçısı isə Kamran Əsədovun barəsində olan polis nəzarəti altında olma qətimkan tədbirinin tələblərini pozduğunu, ona görə də onun barəsində həbs qərarı çıxarılmasını istəyib.

 

Bundan sonra məhkəmə müşavirəyə gedib.

 

Müşavirədən qayıdan məhkəmə heyəti təqsirləndirilən Kamran Əsədovun barəsində məhkəmə müddətində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. O, məhkəmə zalında həbs edilib və istintaq təcridxanasına göndərilib.

 

Proses fevralın 12-də davam etdirələcək.

 

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

 

İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

 

Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

 

Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

 

Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.

 

 

 

Seçilən
21
4
milliyol.az

10Mənbələr