AZ

Vaqif Sadıqov: “Qarabağ” “Ayntraxt” üzərindəki qələbə ilə Avropaya “biz buradayıq” mesajını verdi

Bakı, 23 yanvar, AZƏRTAC

Bu qarşılaşma olduqca vacib idi və oyunun taleyini hansı komandanın psixoloji cəhətdən daha güclü olması həll edəcəkdi. Hər iki tərəfin şansı var idi və məhz psixoloji amil matçın gedişinə ciddi təsir göstərdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda Almaniyanın "Ayntraxt" komandasına 3:2 hesabı ilə qalib gəldiyi oyunla bağlı danışarkən deyib.

Mütəxəssis Azərbaycan çempionunun çətin vəziyyətdə belə ruhdan düşməməsini sevindirici məqam kimi qeyd edib: “Komanda hesabda geri olmasına və oyunun bitməsinə cəmi 10 dəqiqə qalmasına baxmayaraq nə ruhdan düşdü, nə ritmdən çıxdı, nə də özünə inamını itirdi. Futbolçular sona qədər inamla mübarizə apardılar və demək olar ki, itirilmiş kimi görünən oyunu öz xeyrinə çevirməyi bacardılar. Nəticədə qələbə əldə olundu və hazırda komanda turnir cədvəlində 10 xalla 18-ci pillədə qərarlaşıb”.

O, komandanın pley-off mərhələsinə yüksələcəyinə inandığını vurğulayaraq, qarşıdakı görüşlərdə də Ağdam klubunun azarkeşləri sevindirəcəyini bildirib: “Hesab edirəm ki, bu qələbə komandamızın ilk 24-lükdə yer almasını faktiki olaraq təmin etdi. Təbii ki, hələ qarşıda “Liverpul” ilə çox çətin matç var. Komanda Çempionlar Liqasında indiyə qədər nümayiş etdirdiyi performansı qorumaq üçün güclü rəqibə qarşı maksimum səviyyədə mübarizə aparmalıdır. İnanıram ki, komandamız ilk 24-lükdə mövqeyini qoruyacaq, pley-off mərhələsinə yüksələcək və qarşıdakı görüşlərdə bizi sevindirməyə davam edəcək”.

AFFA rəsmisinin sözlərinə görə, “Qarabağ” bu oyunla təkcə qələbə qazanmayıb, həm də Avropada söz sahibi olduğunu bir daha sübut edib: “Çünki təmsilçimiz elə bir ilkə imza atdı ki, elə bir oyun və nəticə göstərdi ki, bununla təkcə qələbə qazanmadı, həm də Avropada söz sahibi olduğunu bir daha sübut etdi. Ədalətsizliyə, haqsızlığa qarşı meydanda yalnız futbolun dili ilə, yəni haqlı oyun, layiqli mübarizə və müsbət nəticə ilə cavab verdi. Bu qələbə ilə “Qarabağ” Avropaya səsini duyurdu və “biz buradayıq” mesajını verdi”.

Qeyd edək ki, Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə “Liverpul”a qarşı keçirəcək.

Seçilən
38
15
azertag.az

10Mənbələr