Son illər ölkənin bir sıra rayonlarda, kənd və qəsəbələrdə yas mərasimlərində yemək verilməsi mərhələli şəkildə aradan qaldırılır.
Bu yanaşma əhali tərəfindən də müsbət qarşılanır. Çünki yeməkli yas mərasimləri ailələr üçün maddi yükə çevrilmişdi.
Paytaxt Bakıda isə bu məsələ hələlik vətəndaşların şəxsi qərarına buraxılıb. Lakin şəhərdə də əvvəlki illərlə müqayisədə müəyyən dəyişikliklər müşahidə olunur. Məsələn, mərasim evlərində artıq yeməklər əvvəlki kimi hamı üçün deyil, əsasən mərasimin sonuna yaxın, yalnız ən yaxın qohumlara verilir. Bir vaxtlar saat 13:00-da süfrələrin açıldığı yas mərasimlərində indi daha çox iştirakçıların dağılişması gözlənilir.
Buna baxmayaraq, yeməkli yas mərasimləri hələ də qalmaqdadır. Bu məsələni yalnız fərdi seçimə buraxmaq yetərli deyil. Çünki sosial təzyiq və rəqabət ailələri belə xərcli yas mərasimləri keçirməyə məcbur edir. İddia olunur ki, böyük şəhərlərdə “yas biznesi”nin qarşısını almağa bu işlə məşğul olanlar da imkan vermir.
Bütün bu suallar fonunda haqlı bir sual yaranır ki, yas mərasimlərinin yemək üzərindən biznesə çevrilməsinin arxasında kimlər dayanır? Bu ənənəni birdəfəlik ləğv etmək üçün vahid qərar qəbul edilə bilərmi?
Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, yas mərasimlərinin dəbdəbəli formada keçirilməsinin qarşısının alınması və bu mərasimlərin sadə formata salınması ilə bağlı uzun müddətdir təbliğat aparılır.
O qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və müvafiq icra strukturları bu məsələyə dəstək verirlər:
"Müxtəlif bölgələrimizdə artıq bu məsələlər yığışdırılmaq üzrədir və bir çox kənd, qəsəbə və şəhərlərdə də demək olar ki, aradan qaldırılıb. Təbii ki, Bakı bu baxımdan bir qədər fərqlidir. Çünki burada mərasim evləri var və sırf bu məqsəd üçün tikiliblər. Hətta bəziləri böyük məscidlərin həyətində tikilib. Əhali də Bakıda daha çox yaşayır. Ola bilsin ki, müxtəlif əks-təsirlərin, etirazların və anlaşılmazlıqların olmaması üçün tövsiyyə xarakterli yığışdırılma prosesi aparılır. Yəni bu, adət-ənənəyə bağlı məsələ olduğu üçün burada birbaşa qərarın qəbul olunması da uyğun deyil və tədricən həyata keçirilir".
İlahiyyatçı vurğulayıb ki, bu təşəbbüs artıq effekt verir və bir neçə ildir davam edir:
"Biz də təbliğat aparırıq. Əgər bu proses nəticə verməsəydi, bəlkə də qərar qəbul etmək zəruri olardı. Düşünürəm ki, bu məsələdə qərara ehtiyac yoxdur. Sadəcə icra strukturları, icra hakimiyyətləri və din xadimləri bu məsələdə aktiv olmalı, tapşırıq və tövsiyələr verilməlidir".
Tural İrfan əlavə edib ki, bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi prinsipial mövqe ortaya qoymalıdır:
"Bakıdakı mərasim evlərinin sahiblərinə də göstəriş verilməlidir ki, onlar bu tələblərə riayət etsinlər. Çünki bəzi bölgələrdə ehsan yığışdırılır, amma Bakı və ətrafında dəbdəbəli mərasimlər davam edirsə, bu, ziddiyyət yaradır. Bəzi insanlar etiraz edir ki, əgər ləğv olunursa, elə hər yerdə ləğv edilsin. Ona görə də hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi bu məsələ ilə bağlı qərar qəbul etməlidir.
Çünki mərasim zallarında məclisləri din xadimləri idarə edir. Xüsusən də məscidlərin tərkibində olan mərasim evləri birbaşa həmin məscid rəhbərliyi və icma tərəfindən idarə olunur. Onlar hansı menyunu təklif etsələr, yas sahibi də məcbur olub həmin seçimi edəcək. Bu məkanlarda sadəcə müxtəlif bahalı və dəbdəbəli yeməklər təklif olunduğu üçün insanlar da bunu qəbul edir. Hesab edirəm ki, bu sahə məhz belə tənzimlənməlidir".
Onun sözlərinə görə, bu sahədə müxtəlif işbazlar var və formalaşmış bir monopoliya mövcuddur:
"Qara mərmər işindən tutmuş, bu “ehsan” məsələsinə qədər baxanlar var. Hətta bu məsələləri çox tənqid etdiyimə görə mənə çoxsaylı təzyiqlər oldu. Faktiki olaraq bir imperiya yaradıblar. Belə bir biznesin birdən-birə çökməsi və ya iflasa uğraması isə onlar üçün ciddi problemdir.
Bu şəbəkə çoxşaxəlidir. Qafqaz Müsəlmanları İdarəsində Fətva Komitəsi, Fətva Şurası fəaliyyət göstərir. Fətva Şurasının funksiyası yalnız Məhərrəmlik və ya Ramazan tarixlərini elan etmək deyil. Dövlət tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə milyonlarla manat vəsait ayrılır. Bu qurumun əsas vəzifələrindən biri ölkədə dini mərasimlərin tənzimlənməsidir".
İlahiyyatçı qeyd edib ki, əgər müvafiq fətvalar verilsəydi, həm din xadimləri, həm də mərasim zallarının sahibləri bu qaydalara riayət etməyə məcbur olardılar:
"Çünki onların əksəriyyəti hacılar, imkanlı insanlardır. Məhz burada ciddi ziddiyyət yaranır. Bəzi bölgələrdə kasıb insanlar haqlı olaraq etiraz edirlər ki, əgər bu cür mərasimlər qadağan olunursa, niyə filan yerdə davam edir? Niyə filan məscidlərin həyətində yerləşən mərasim evlərində bu qaydalar pozulur?".
Tural İrfan bildirib ki, "xeyir-şər evləri" faktiki olaraq özəlləşdirilib:
"Həmçinin binaların həyətində “xeyir-şər evləri” var. Həmin yerlərdə yas mərasimləri təşkil olunurdu. Lakin artıq bu məkanların da əksəriyyətinə müxtəlif işbazlar yiyələniblər. İş adamlarının nəzarətinə keçib, faktiki olaraq özəlləşdirilib.
Bu yerlərdə sanki bazar açılıb, özləri üçün ayrıca bir biznes mərkəzi yaradılıb. Özəlləşdirildiyi üçün həmin məkanların sahibləri sanki kafe və ya restoran kimi orada yemək verir. Bu səbəbdən də heç kim müdaxilə edə bilmir. Bunu qərarla da ləğv etmək olmur. Çünki sahibkar çıxıb deyir ki, mən bu yeri açmışam, filan şəxs istəyir ki, camaata qonaqlıq versin. Buna heç bir adla müdaxilə etmək olmaz. Bu məsələ yalnız tövsiyə xarakterli yanaşma ilə tənzimlənə bilər".
İlahiyyatçı vurğulayıb ki, yas mərasimlərində israf və borcla verilən ehsan haramdır:
"Digər tərəfdən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəzi məsələlərdə səlahiyyət baxımından məhduddur. Adət-ənənələrə və dini məsələlərə qarışa bilmir. Çünki din dövlətdən ayrıdır.
Amma ölkəmizdə dini məsələlərlə məşğul olan və eyni zamanda mənəvi adət-ənənələrə müəyyən mənada təsir imkanına malik qurum Qafqaz Müsəlmanları İdarəsidir. Açığı, mən indiyə qədər onların fətvasına rast gəlməmişəm. Yəni Fətva Şurası toplanıb bir fətva versin ki, İslam dinində israf haramdır, günahdır. İmkansız bir insanın borc götürüb, kredit alıb başqalarına yemək verməsi haramdır. Bu gün dəbdəbəli mərasimlərdə “ehsan” adı ilə yasların çoxunda verilən yeməklər haram hesab olunur. Haram anlayışı təkcə donuz əti ilə məhdudlaşmır. Məsələn, adam rəhmətə gedir, onun yetim uşaqlarının mirası hələ bölünməmiş onun inəklərini kəsib camaata verirlər. Bu əti yeyən adamların hamısı haram yemiş olur.
Bunu açıq şəkildə Qafqaz Müsəlmanları İdarəsi deməlidir. Amma təəssüf ki, biznes adlandırılan mərasim evlərinin bir neçəsi də onların mərkəzlərinin həyətində yerləşir. Buna görə də bunu deyə bilmirlər. Adamlar da etiraz edəndə, müxtəlif yollarla təzyiq göstərilir. Amma son nəticədə əgər ehsanın tam yığışdırılmasına onlar və digərləri mane olsalar, hesab edirəm ki, o zaman dövlət müvafiq bir qərar qəbul etməli və bu məsələni birmənalı şəkildə kökündən həll etməlidir".