AZ

Dədə baba qazanlarının ahı... Artıq yeməklərin dadı da əvvəlki kimi deyil

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bir vaxtlar hər evin mətbəxində baş köşədə duran bir əşya vardı dədə-baba qazanı. Böyük, ağır, qara, amma bir o qədər də doğma. O qazan sadəcə yemək bişirilən qab deyildi. İçində ailə vardı, bərəkət vardı, birlik vardı. İndi isə o qazanlar ya evlərin padvalında toz basır, ya da “artıq dəbdən düşüb” deyib heç düşünmədən atılıb.

Zaman dəyişdi, zövqlər dəyişdi, mətbəxlər “müasir” oldu. Dədə-baba qazanlarının yerini tefal, keramik, müxtəlif örtüklü par-par yanan yeni qazanlar aldı. Yüngüldür, rəngarəngdir, yapışdırmır ilk baxışda hər şey idealdır. Amma bu ideallıq nə qədər davam edir? Bir il, iki il… Bir az cızıldısa, üst qatı getdisə, artıq o qazan ya kənara qoyulur, ya da təhlükə mənbəyinə çevrilir.

Mütəxəssislər də boşuna demir. Bu cür qazanların örtüyü zədələndikdən sonra sağlamlıq üçün risk yarada biləcəyi barədə kifayət qədər xəbərdarlıq var. Amma biz çox vaxt buna fikir vermirik. Çünki rahatlıq, sürət və “dəbdə olmaq” düşüncəsi sağlamlıqdan, keyfiyyətdən öndə gedir.

Ən maraqlısı isə budur: artıq yeməklərin dadı da əvvəlki kimi deyil. Nə qədər resept oxuyuruq, nə qədər bahalı ərzaq alırıq, nə qədər yeni texnika işlədirik, amma o dad alınmır. Nənəmizin aş qazanından gələn ətri heç nədə tapa bilmirik. Sanki yeməyin canı orada qalırdı. O qazanların içində yemək təkcə bişmirdi, asta-asta dəmlənirdi. Zaman alırdı, səbr istəyirdi. Bəlkə də dadın sirri elə buradaydı.

Köhnə qazanlar ağır idi, bəli. Yumaq çətin idi, bəli. Amma ömrü uzun idi. Onillərlə xidmət edirdi. Bir nəsildən digərinə ötürülürdü. O qazan nənədən anaya, anadan qıza keçirdi. İndi isə bir qazan bir neçə il dözür, sonra “yararsız” olur.

Bu, təkcə mətbəx əşyalarının dəyişməsi deyil. Bu, həyat tərzimizin dəyişməsidir. Biz tələskən olmuşuq. Hər şey tez olsun istəyirik. Yemək də, nəticə də, dad da. Amma unuduruq ki, bəzi şeylər zaman istəyir. Dad da, sağlamlıq da, bərəkət də.

Dədə-baba qazanları bəlkə də müasir mətbəxlərə uyğun gəlmir. Dizayna, trendlərə uyğun deyil. Amma ruhu vardı. İçində bişən yemək təkcə qarnı deyil, könlü də doyururdu.

Bu gün padvallarda toz basan o qazanlar sanki bizə baxıb susur. Amma o sükutda bir sual gizlidir. Biz doğrudan da irəli getdik, yoxsa sadəcə kökdən uzaqlaşdıq?

Bəlkə də bəzən yenilik axtarmaq yerinə, köhnəni xatırlamaq lazımdır. Çünki hər yeni olan daha yaxşı demək deyil. Bəzən dad da, sağlamlıq da, istilik də köhnədə qalır.

Və nənəmizin aş qazanından gələn o ətri bir daha hiss edə bilməməyimiz, bəlkə də itirdiklərimizin ən səssiz, amma ən acı sübutudur.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
92
50
bizimyol.info

10Mənbələr