AZ

“Sonuncu şam yeməyi”

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünən AFFA-nın prezidenti Rövşən Nəcəf Davosda FIFA prezidenti Canni İnfantino ilə görüşüb.

Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri də görüşə qatılıblar.

Bu, xəbərin AFFA-nın saytında çıxan – rəsmi hissəsidir.

Nümayəndə heyəti dedikdə isə məsələ geniş miqyas alır. Niyəsə Rövşən bəydən başqa, “nümayəndə heyəti” (?) adlandırılanlardan heç kimin adı qeyd olunmayıb.

Fotoda Azərbaycanın iqtisadi inkişaf naziri Mikayıl Cabbarov, SOCAR-ın əvəzolunmaz vitse-prezidenti Elşad Nəsirov və özünün dediyi kimi – “FIFA Elxan” – FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov da var.

Yəqin Nəsirov ora SOCAR adıyla, Rövşən bəylə birgə gedib, Cabbarovun Davosda hökumətimizin aparıcı fiqurlarından biri olduğu bəllidir…

Lakin fotodakıların bir yerə toplanması, böyük ehtimalla 2027-ci ildə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının final mərhələsi mövzusuna görədir.

Böyük, ciddi tədbir adına yüksək ranqlı dövlət məmurlarının qarşıdakı illərdə beynəlxalq futbol təşkilatlarıyla görüşləri normal, gözlənilən bir şeydir.

Ancaq fotonu qəribələşdirən və mövzuya çevirən başqa məqamdır. FIFA-da yüksək vəzifə tutsa da, Azərbaycan futbolundan bərbad imiclə ayrılan Elxan Məmmədovun son vaxtlar tez-tez ölkə futboluyla bağlı mövzularda üzə çıxması, görünməsi təəccüblüdür.

Görünür, olanlar unutdurulur və asta-asta yenidən gündəmə qaytarılır. Ən azı, buna cəhd edilir…

Ümumiyyətlə, bu fotonu çözmək çətindir. Vallah-billah, bəzən ara itir, məzhəb qarışır və məəttəl qalırsan…

Belə qarışıqlığın içində fotonu niyə də dahi Leonardo Da Vinçinin “Sonuncu şam yeməyi” rəsm əsərinə oxşatmayasan?! interpretasiya etmək olar; oxşarlıq var.

Əsərin məğzi budur ki, İsanın həvarilərindən biri şam yeməyində ona xəyanət edir…

“İsa” kimdir, xəyanətkar həvari kim?

Elçin Cəlilov

P.S.

Hər şeyi də biz deyəsi deyilik ki, bir az da özünüz fikirləşin.

P.P.S.

İllərlə Azərbaycan futbolunun düşməni bilib mübarizə apardıqlarımız bəzən elə adamlarla yan-yana, iç-içə görünüb ki, düşünürsən, bunlar bizimlə məzələnirmi…

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
futbolpress.az

1Mənbələr