AZ

Səttar Möhbalıyev: “Sülh Şurasının Nizamnaməsi”nin təsisçi üzvlərindən biri qismində Azərbaycanın dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.



Davos İqtisadi Forumu artıq uzun illərdir ki, təkcə iqtisadi müzakirələrin deyil, qlobal siyasi mesajların, yeni diplomatik formatların və beynəlxalq nizamın konturlarının cızıldığı mühüm platforma kimi çıxış edir. Məhz bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində iştirakı və ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi görüş Azərbaycanın müasir dünya siyasətində tutduğu mövqenin növbəti təsdiqi kimi dəyərləndirilməlidir.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Sülh diplomatiyası əslində Azərbaycanın qlobal məsuliyyət modelidir. Azərbaycan son illər regional münaqişələrin həllində nümayiş etdirdiyi praqmatik, hüquqa əsaslanan və nəticəyönümlü yanaşma ilə sülh diplomatiyasının real modelini formalaşdırıb. Postmünaqişə dövründə regionda sabitliyin təmin edilməsi, kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlığın təşviqi və etimad mühitinin yaradılması rəsmi Bakının əsas strateji xəttidir. Bu baxımdan cənab Prezident İlham Əliyevin Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanmasında iştirakı təsadüfi deyil. Bu addım Azərbaycanın artıq təkcə regional deyil, qlobal sülh təşəbbüslərinin də fəal iştirakçısına çevrildiyini göstərir. Sülh Şurasının yaradılması ideyası qlobal münaqişələrin qarşısının alınması, dialoqun təşviqi və beynəlxalq hüququn üstünlüyünün qorunması baxımından yeni platforma kimi dəyərləndirilir. Yeri gəlmişkən deyim ki, Sülh sazişi sadəcə bir sənəd deyil. Bu, münaqişədən əməkdaşlığa keçidin siyasi manifestidir. O, qarşıdurma ritorikasını iqtisadi, humanitar və kommunikativ əməkdaşlıqla əvəzləyən strateji yol xəritəsidir. Azərbaycan bu modeli real praktikada tətbiq edən nadir ölkələrdəndir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq regionda sülh mövcuddur və bu, konkret faktlarla öz təsdiqini tapır. Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi, taxılın Azərbaycan üzərindən Ermənistana çatdırılması postmünaqişə dövründə formalaşan yeni iqtisadi reallığın göstəricisidir. Bu, sülhün abstrakt anlayış deyil, real iqtisadi fayda və qarşılıqlı asılılıq yaratdığını nümayiş etdirir. “Sülh Şurasının Nizamnaməsi”nin təsisçi üzvlərindən biri qismində Azərbaycanın dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Bu dəvət Azərbaycan-ABŞ strateji tərəfdaşlığının dərinliyini, eyni zamanda Bakının qlobal sülh gündəliyində etibarlı tərəfdaş kimi qəbul edildiyini ortaya qoyur. Azərbaycan bu gün enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və regional bağlantılarla yanaşı, sülh təşəbbüsləri ixrac edən ölkə imici formalaşdırır. Zəngəzur dəhlizi və TRIPP layihəsi təkcə iqtisadi deyil, siyasi baxımdan da regionu inteqrasiya edən mühüm mexanizmlərdir.

Millət vəkili onu da deyib ki, cənab Prezident İlham Əliyev və Donald Tramp görüşü yeni mərhələnin konturlarıdır. Davosda cənab Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşü ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Donald Trampın yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan-ABŞ əlaqələrinin inkişafına dair məmnunluğun ifadə olunması siyasi dialoqun davamlılığının göstəricisidir. Xüsusilə ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında Prezident Donald Trampın rolunun vurğulanması ABŞ-ın regionda sülh prosesinə verdiyi töhfənin yüksək qiymətləndirildiyini göstərir. Bu, eyni zamanda Azərbaycanın beynəlxalq vasitəçilərlə konstruktiv əməkdaşlığa açıq olduğunu sübut edir. Görüş zamanı Sülh Şurasının əhəmiyyətinə toxunulması, bu qurumun Yaxın Şərqdə və qlobal miqyasda münaqişələrin həllinə töhfə verə biləcək mexanizm kimi dəyərləndirilməsi Azərbaycan-ABŞ münasibətlərinin yalnız ikitərəfli deyil, qlobal gündəmlə uzlaşdığını göstərir. Qarşılıqlı səfərlərin və müxtəlif səviyyəli təmasların vurğulanması isə siyasi dialoqun institusional əsaslar üzərində inkişaf edəcəyinə işarədir.
Cənab Prezident İlham Əliyevin Davosda keçirdiyi bu iki mühüm siyasi-diplomatik hadisə-“Sülh Şurasının Nizamnaməsi”nin imzalanması və ABŞ Prezidenti Donald Tramp ilə görüşü Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində artan rolunun bariz göstəricisidir. Azərbaycan bu gün yalnız öz təhlükəsizliyini təmin edən deyil, regionda və dünyada sülhün təşviqinə real töhfə verən məsuliyyətli dövlət kimi çıxış edir. Bu, cənab Prezident İlham Əliyevin uzaqgörən liderliyinin, balanslı xarici siyasətinin və milli maraqlara söykənən qlobal baxışının məntiqi nəticəsidir-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.



Seçilən
33
aia.az

1Mənbələr