Son günlər təhsil ictimaiyyətində buraxılış imtahanlarının məzmunu və formatı ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə də açıq tipli, yazılı cavab tələb edən sualların sayının artırılması ilə bağlı səsləndirilən təkliflər cəmiyyətdə geniş maraq doğurur. Bu təkliflər imtahanların daha çox düşünmə, təhlil və məntiqi yanaşma bacarıqlarını ölçməsinə xidmət etsə də, onların praktikada nə dərəcədə mümkün və effektiv olması sual altındadır.
Maraqlıdır, bu təkliflər real şəraitdə nə dərəcədə həyata keçirilə bilər? Ümumiyyətlə, buraxılış imtahanlarının daha səmərəli və müasir tələblərə uyğun təşkili üçün hansı yeniliklərə ehtiyac var?
AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi danışıb.
O, qeyd edib ki, buraxılış imtahanlarında açıq yazılı sualların sayının artırılmasının məqsədəuyğun olduğunu düşünmürəm:
"Buraxılış imtahanları ilə bağlı səsləndirilən fikirlərdə açıq tipli, yazılı sualların sayının artırılması məsələsi önə çəkilir. Lakin bu, yalnız o halda mümkün ola bilər ki, həmin sualların cavablarını yoxlayan mütəxəssislərin sayı kifayət qədər çox olsun. Hazırkı mövcud vəziyyətdə imtahan cavablarının yoxlanılması bir ay, bəzən isə bir aydan artıq vaxt aparır və yalnız bundan sonra nəticələr elan olunur. Bu da abituriyentlər üçün əlavə gözləmə müddəti, gərginlik və həyəcan yaradır.
Məhz bu səbəbdən buraxılış imtahanlarında açıq yazılı sualların sayının artırılmasının məqsədəuyğun olduğunu düşünmürəm. Əslində, ümumilikdə qəbul imtahanlarının modelində müəyyən dəyişikliklərə ehtiyac var. Burada fənlərin sayının minimallaşdırılması vacibdir. Yəni nə altı fənn üzrə, nə də buraxılış imtahanlarında üç fənn üzrə imtahan verilməsi optimal deyil. Dünyanın bir çox ölkələrində qəbul imtahanları bir və ya iki fənn üzrə keçirilir və biz də bu prinsipi tətbiq etməliyik".
Hər hansı ciddi yeniliyə ehtiyac olduğunu düşünmürəm:
"Buraxılış imtahanlarına gəldikdə isə, Dövlət İmtahan Mərkəzi müxtəlif tipli suallar vasitəsilə abituriyentlərin bilik və bacarıqlarını yoxlayır və qiymətləndirir. Bu qurumun obyektiv və şəffaf qiymətləndirmə apardığını demək olar.
Azərbaycan dili və digər müvafiq fənlər üzrə imtahanlarda da məntiqi təfəkkürün yoxlanılmasına yönəlmiş suallar yer alır. Bu suallar abituriyentlərin mövzunu nə dərəcədə mənimsədiklərini və biliklərini əsaslandırma qabiliyyətini yoxlamağa imkan verir.
Hazırda əlavə hər hansı ciddi yeniliyə ehtiyac olduğunu düşünmürəm. Çünki buraxılış imtahanlarının blok sistemi üzrə son dəyişikliklər 2019-cu ildə tətbiq edilib. Sonrakı illərdə, o cümlədən 9-cu sinif buraxılış imtahanlarında da yeni qaydalar qüvvəyə minib. 2027-ci ildən etibarən isə buraxılış imtahanlarında, xüsusən də xarici dil fənni üzrə, şəkil əsaslı və ümumi anlayışların yoxlanılmasına yönəlmiş imtahan modelinin tətbiqi nəzərdə tutulur.