Moderator.az saytına istinadən ain.az xəbər verir.
“...Müqayisə etdikdə respublikaçılar hazırda Demokratlardan daha geniş xalq kütləsini əhatə edir:..”
“Üstəlik, onun irəli sürdüyü “Öncə Amerika” tezisi ABŞ “dərin dövləti”nin də maraqlarına uyğundur...”
“Noyabrda keçiriləcək aralıq seçkilərindən sonra ABŞ Nümayəndələr Palatasında və Senatında qüvvələr nisbətinin Trampın əleyhinə dəyişiləcəyinə inanmıram. Düzdür, hazırda keçirilən bir çox rəy sorğularında Tramp və Respublikaçılar partiyası nüfuzdan düşən tərəf kimi görünür. Amma ABŞ parlament ənənələrində öz partiyalarına mütləq mənada bağlılıq zərurəti yoxdur. Ehtiyac yaranarsa, respublikaçılar rahatlıqla demokratların təklifinə, yaxud demokratlar respublikaçıların təklifinə səs verə bilirlər. Kimin kimə və ya nəyə səs verməsini isə partiyalar yox, millət vəkillərinin bağlı olduqları iqtisadi güc mərkəzləri, lobbilər müəyyənləşdirir. ABŞ-dakı iqtisadi güc mərkəzləri və lobbilər arasında isə respublikaçıların mövqeyi kifayət qədər güclüdür.”
Bu fikirləri siyasi şərhçi Heydər Oğuz Moderator.az əməkdaşının "Son birilki və hazırkı fəaliyyətinə nəzərən noyabrdakı aralıq seçkilərdən sonra ABŞ prezidenti Donald Trampın impiçmentə məruz qalacağı ehtimalı nə qədərdir?” sualını cavablandırarkən ifadə edib.
“Respublikaçılar partiyasını və Trampı əsasən mühafizəkar sənayeçilər, yanacaq və texnologiya sektoru, daşınmaz əmlak ticarəti ilə məşğul olan iş adamları, hərbi sənaye kompleksi, evanjelist kimi ifrat xristian məzhəbləri, irqçi düşüncə sahibləri, ABŞ-ın sərvətlərinin düzgün istifadə olunmadığına inanan aşağı və orta sinif nümayəndələri kimi xeyli geniş insan bazası dəstəkləyir. Onun alternativi olan Demokratlar partiyasına isə əsasən sionist düşüncəyə malik yəhudi iş adamları və maliyyə qurumları, etnik və sosial azlıqlar, böyük şəhərlərin kosmopolit əhalisi, qlobal miqyaslı media qurumları, qeyri-hökumət təşkilatları, miqrantlar və s. kimi topluluqlar səs verirlər”, - ardınca bunları söyləyən analitik hesab edir ki, müqayisə etdikdə respublikaçılar hazırda Demokratlardan daha geniş xalq kütləsini əhatə edir:
“Üstəlik, Trampın irəli sürdüyü “Öncə Amerika” tezisi ABŞ “dərin dövləti”nin də maraqlarına uyğundur. Fikrimcə, Trampın hakimiyyətə gətirilməsində “dərin dövlət”in də xüsusi rolu olub. Əks halda, hər il qlobalist layihələrə trilyonlarla pul xərcləyən və borclanan ABŞ-ın özünü qorumaq mümkün olmazdı. Təsəvvür edin ki, ABŞ Maliyyə Departamentinin bildirdiyə görə, bu ölkə 1980-ci ildən indiyədək hərbi sahəyə digər NATO üzvlərindən 22 trilyon dollar daha çox maliyyə xərcləyib. Bir də bu siyahıya beynəlxalq maliyyə qurumlarının məsrəflərini əlavə etsək, ABŞ-ın niyə 38 trilyon xarici borcu olduğunu anlaya bilərik. ABŞ bu maliyyə israfçılığının qarşısını almaq üçün mütləq izolyasist siyasət yürütməli və bunu ən yaxşı icra edən də Trampdır. Yəqin ki, Trampın əlini gücləndirmək üçün ABŞ-ın xüsusi xidmət orqanları və hərbi strukturları da onu dəstəkləyəcəklər. Çünki Trampın Çin və Avropa qlobalistlərinə qarşı effektiv mübarizəsi onları da qane edir”.
Heydər Oğuzun fikrincə, hazırda dünya mediasında Trampın əleyhinə təbliğat aparılması bizdə elə qənaət formalaşdırır ki, aralıq seçkilərindən sonra ABŞ prezidenti, amerikalıların təbirilə desək, “topal ördəyə” çevriləcək:
“Fikrimcə, bu, yanlış qənaətdir və liberal qüvvələrdən asılı olan qlobal medianın qəsdən yaratdığı illuziyadır. Məqsəd trampçılarda xəyal qırıqlığı yaratmaq və sosial elektoratlarını ondan uzaqlaşdırmaqdır. Trampın seçkiöncəsi aldığı bir çox tədbirlər, xüsusilə miqrantlara qarşı mübarizəsi və qlobal miqyaslı qeyri-hökumət təşkilatlarını buxovlaması istər-istəməz əks tərəfi hərəkətə keçirir və bu cür təbliğatı tezislər ortaya atılır. Böyük ehtimalla, seçkilərə qədər bu anti-Tramp çevrələrin də heç bir təsir gücü qalmayacaq.
Ən əsası, Trampın ABŞ mediasına qarşı öz alternativ ruporu var. Bu rupor sosial şəbəkələrdir. Öz təbliğati işini sosial şəbəkələrdə quran Tramp 3 prezident və 5 aralıq seçkilərində seçkilərində rəqiblərinə qarşı qələbə çala bildi. Yəqin ki, növbəti aralıq seçkisində də eyni üstünlüyü göstərə biləcək.
Qısası, Trampın partiyasının hakimiyyətə gəlməsi və öz üstünlüyünü qoruması yalnız Respublikaçılar partiyasının qarşıya qoyduğu məqsəd deyil. Bu həm də ABŞ “dərin dövləti”nin istəyidir və nəyin bahasına olursa olsun, onun istədiyi olacaq. Ya xoşluqla, ya zorla. Amma ABŞ “dərin dövləti” öz həyati problemini kimlərəsə qurban verməz...”
Təqdim etdi:
Sultan Laçın
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.