AZ

Azərbaycana olan etimad platforması

Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.

Davosda qlobal investorlarla keçirilən görüşlər ölkəmizə xarici sərmayələrin cəlb edilməsində yeni imkanlar açır

Dünya İqtisadi Forumunda (DİF) iştirak edən Azərbaycan nümayəndə heyətinin beynəlxalq maliyyə institutları, iri holdinq və investisiya şirkətlərinin rəhbərləri ilə keçirdiyi səmərəli görüşlər qarşılıqlı əməkdaşlıqların artırılması və yeni işgüzar münasibətlərin əsasının qoyulması ilə xarakterizə edilə bilər. Davos platformasında yer alan Azərbaycanın İqtisadiyyat Nazirliyinin, SOCAR-ın, Dövlət Neft Fondunun və digər iqtisadi qurumların rəhbərləri ilə dünyanın tanınmış biznes icmasının nümayəndələri arasında keçirilən görüşlərdə ilk nəzərə çarpan məqam Azərbaycanda yaradılmış əlverişli investisiya mühitinin münbit vəziyyəti ilə bağlı oldu. Qlobal iş dünyasının təmsilçiləri xarici sərmayəçilərin mənafeyinin qorunmasında möhkəm institusional mexanizm və iqtisadi bufer yaratmış Azərbaycan dövlətinin bu iradəsini təqdir edərək sağlam investisiya mühitindən faydalanmaq niyyətlərini bəyan etdilər.

Kapital və maliyyə sahəsində yeni fürsətlər

Azərbaycan Prezidentinin Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual” şirkətinin sədri Andre Esteves ilə görüşü kapital və maliyyə sahəsində yeni fürsətləri səfərbər etmək üçün mühüm iqtisadi hadisə sayıla bilər. Azərbaycan Dövlət Neft Fondu ilə şirkət arasında son dövrlərdə reallaşan əməkdaşlıq istiqamətləri və strateji prioritetlərin əsas xətti də məhz beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyətə uyğun uzunmüddətli investisiya yanaşmaları tətbiq etməkdir. Eləcə də qlobal investisiya fəaliyyəti ilə dünya holdinqlərindən biri olan “Brookfield Asset Management”lə əməkdaşlıq Dövlət Neft Fondunun investisiya siyasətinə uyğun olmaqla, yeni idaretmə bloku formalaşdırmış olur. Belə ki, Davosda DNF ilə “Brookfield Asset Management” arasında uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolunun imzalanması maliyyə bazarlarına 3-4 il müddətində 1,4 milyard dollar kapital qoyuluşunu təşviq edəcək.

Həmçinin, qlobal aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüş Dövlət Neft Fondu üçün yeni əməkdaşlıq kursunun müəyyən edilməsi baxımından əhəmiyyətli hesab edilə bilər. Dövlət Neft Fondu ilə “Global Infrastructure Partners” arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanması isə birgə investisiya təsisatının qurulmasını təmin edən uğur deməkdir. Bu qurumun birgə maliyyə tərəfdaşlığı çərçivəsində 1,5 milyard dollar kapital qoyuluşu təmin etməsi planlaşdırılır.

“Yaşıl texnologiya” şirkətləri ilə əməkdaşlıq

Azərbaycan müasir enerji gündəliyinin əsas istiqaməti kimi “yaşıl enerji”yə keçidi prioritet elan edib və bu sahədə xarici investorlarla fəal əməkdaşlıqlar qurulmaqdadır. Danimarkanın tanınmış bərpaolunan enerji holdinqlərindən biri sayılan “Vestas Wind Systems A/S” dünyada “yaşıl enerji” sektorunun əsas infrastruktur və texnologiyalar təchizatçılarındandır. Şirkət Avropa və Asiya bazarlarında “yaşıl enerji”nin emalı və ötütürülməsi sistemlərinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan “Vestas” ilə Azərbaycan arasında fəal dialoqun qurulması külək və günəş enerjisi sahəsində birgə layihələrin icrası üçün dərin zəmin yaradır.

Respublikamız qlobal logistika mərkəzinin əsas körpülərindən biri kimi həm də qlobal nəqliyyat holdinqləri ilə sıx əməkdaşlıq edir. Davosda dünyanın ən böyük liman operatorlarından biri olan “DP World” şirkətlər qrupunun rəhbər heyəti ilə görüş bu baxımdan əhəmiyyət kəsb edir. Bu şirkətin Azərbaycanda müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində icra edilən layihələrdə təmsil olunması istisna deyil.

Prezident İlham Əliyevin “Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşü enerji sektoruna yeni sərmayə qoyuluşları baxımından əhəmiyyət daşıyır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm təchizatçı kimi xarici enerji şirkətləri ilə yeni mübadilələr qurur. Bu konteksdə dünyanın aparıcı neft ticarəti şirkətlərindən biri olan “Vitol” qrupu ilə tərəfdaşlıq qlobal treydinq ticarətində ölkəmizə faydalar gətirə bilər.

Dünya biznes ailəsində kifayət qədər şöhrətli və sanballı təsisatlardan biri olan “Carlsberg Group” şirkətinin də Azərbaycana marağı böyükdür. Bir neçə illərdir ki, fəaliyyət göstərən danimarkalı biznes qrupu ölkəmizdə təmin edilmiş sağlam sərmayə iqlimini nəzərə alaraq Azərbaycanda daha geniş imkanlar qurmaq niyyətindədir.

“J.P. Morgan” - ABŞ-ın Azərbaycandakı yaxın tərəfdaşı

Dünyanın nəhəng investisiya və maliyyə şirkətlərindən biri olan ABŞ-ın “J.P. Morgan” şirkəti Azərbaycanı özü üçün yaxın tərəfdaş hesab edir. Ötən illərdə tərəflər birgə uğurlu malliyyə nailiyyətləri əldə edib. Şirkətin baş icraçı direktoru Ceymi Daymonun vurğuladığı kimi, Dövlət Neft Fondu ilə əməkdaşlıq DNF-nin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş mövqeyini yüksəldib. Həmçinin, SOCAR-la çoxillik əməkdaşlıq “J.P. Morgan”la qarşılıqlı etimad mühitini möhkəmləndirib. Aktivlərin həcmi 4 trilyon dollardan çox olan “J.P. Morgan” şirkəti Azərbaycanda bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərməyə müsbət yanaşır.

ABŞ-ın digər investisiya nəhəngi - “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald ilə görüş də Azərbaycanda “rəqəmsal iqtisadiyyat” quruculuğuna töhfəverici amillərdən biri hesab edilə bilər. IT texnologiyaları üzrə nüfuzlu şirkətlərdən biri olan “Dell Technologies” Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir. Ölkəmizdə yeni data infrastrukturunun qurulması və süni intellekt yaradıcılığında şirkətin dəstək göstərəcəyi nəzərdə tutulur. 

“Avrasiyanın iqtisadi özünəməxsusluğu”nda Azərbaycan modeli

Davos Forumu çərçivəsində təşkil olunan “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasıda Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan mövzu rəngarəngliyi baxımından faydalı sayıla bilər. Prezident İlham Əliyevin iştirak etdiyi . iclasda müzakirələrin əsas xətti Qafqaz ilə Mərkəzi Asiyada yaranmış yeni geoiqtisadi reallıqlar fonunda dizayn edilən enerji-nəqliyat-logistika qovşaqlarının inkişaf istiqamətlərininə fokuslanmışdı. Beynəlxalq biznes icmasına Azərbaycanın Cənubi Qafqazda qurduğu iqtisadi-ticari bağlantı proqramlarının əhəmiyyəti çatdırıldı. Azərbaycanın dövlət başçısı bölgədə Ermənistanı da cəlb etdiyi yeni iqtisadi quruculuq imkanlarına diqqət çəkərək əməkdaşlığa və ixrac əməliyyatlarına start verildiyini diqqətə çatdırdı. Bəyan olunduğu kimi Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Həmçinin, ABŞ-ın himayəsi altında həyata keçirilən TRIPP layihəsi isə işlərin tamamlanmasından sonra daşınmalar Xəzər dənizindən keçərək Asiyadan Azərbaycana və Ermənistana, Azərbaycanın bir hissəsi olan Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya qədər uzanacaq. Nəticədə müasir trans-nəqliyyat dəhlizi formalaşacaq.

Eləcə də görüşlərdə ticarət və sərmayələr sahəsində fəaliyyətin prioritet istiqamətləri nəzərdən keçirilib. İqtisadi diversifikasiya prosesinə geosiyasi təsirlər, innovasiya və səmərəlilik, idarəçilik və inkişaf kimi mövzular müzakirə olunub. Azərbaycanın qlobal bazarlara çıxış imkanlarının artmasında və qeyri-neft ixracında bu panel müzakirələrinə qatılan xarici ticarət tərəfdaşları ilə aparılan məsləhətləşmələr də xüsusi əhəmiyyət kəsb edir. 

Beləliklə, Dünya İqtisadi Forumunda iştirak edən qlobal investorlarla görüşlər və əldə edilən anlaşmalar bu şirkətlərin Azərbaycanda işləmək, sərmayə qoymaq niyyətlərini qətiləşdirmək üçün səmərəli platforma kimi yadda qaldı.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
yeniazerbaycan.com

2Mənbələr