Sumqayıt şəhərində irimiqyaslı yeni urbanizasiya layihəsinin icrasına başlanılması planlaşdırılır.
Layihə çərçivəsində Çin investorlarının Sumqayıta sərmayə yatıracağı, mövcud yaşayış massivlərindən birində yerləşən taxta “fin” evlərinin söküləcəyi və ərazidə tamamilə yeni şəhərcik salınacağı bildirilir.
Məlumata görə, layihə şərti olaraq “Şanxay” adı ilə tanınacaq. Yeni şəhərcikdə müasir tipli çoxmərtəbəli yaşayış binaları, AVM (alış-veriş mərkəzi), əyləncə və istirahət zonaları, həmçinin sosial infrastrukturların – məktəb, uşaq bağçası və ictimai xidmət obyektlərinin yaradılması nəzərdə tutulur.
Layihə çərçivəsində evləri söküləcək sakinlərin qanunvericiliyə uyğun və artıqlaması ilə kompensasiya ediləcəyi, həmçinin onlara alternativ yaşayış imkanlarının təklif olunacağı qeyd edilir. Bu addımın sakinlərin sosial rifahına mənfi təsir göstərməməsi üçün xüsusi mexanizmlərin hazırlanacağı vurğulanır.
Mütəxəssislərin fikrincə, bu layihə Sumqayıtın şəhərsalma baxımından yenilənməsinə, yeni iş yerlərinin açılmasına və şəhərin investisiya cəlbediciliyinin artmasına ciddi töhfə verə bilər.
Hazırda layihənin detalları, icra müddəti və investisiya həcmi ilə bağlı əlavə məlumatların yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.