AZ

Soyuducu, paltaryuyan, tozsoran... - Bu malları niyə istehsal edə bilmirik? - AÇIQLAMA

Azərbaycan əhalisi hər il elektriklə işləyən məişət cihazlarının alınmasına yüz milyonlarla manat vəsait xərcləyir. Müqayisə göstərir ki, bu cür malların alışına xərclənən vəsait ilbəil artır. 

2024-cü ilin yekun məlumatına əsasən, pərakəndə ticarət müəssisələrində elektriklə işləyən məişət cihazlarının alınmasına 1,725 milyard manat pul xərclənib. 
Müqayisə üçün bildirək ki, bu cihazların alınmasına 2020-ci ildə 1,29 milyard manat xərclənmişdi. Yalnız beş il ərzində Azərbaycanda yaşayan insanlar elektriklə işləyən məişət cihazlarının alınmasına çəkilən xərci 435 milyon manat artırıblar. 

Göründüyü kimi, Azərbaycanda elektrik məişət cihazlarına tələb ildən-ilə artır və bazar böyüyür. Lakin təəssüflər olsun ki, artan tələbat əsasən idxal olunan mallar hesabına ödənilir. Bu da ölkədən böyük məbləğdə valyutanın xaricə axmasına səbəb olur. 

Bəs bu məhsulları Azərbaycanda istehsalını təşkil etmək niyə mümkün olmur?

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli qeyd edib ki, bu növ malların yerli istehsalının təşkili avtomatik olaraq idxalın azalmasına səbəb olmur.

Onun sözlərinə görə, idalı əvəzləmək üçün ucuz və keyfiyyətli məhsul istehsal olunmalıdır:

“Burada əsas məsələ istehsal həcmi ilə bağlıdır. Yerli istehsal müəyyən rentabelliyə çatmaq üçün kifayət qədər böyük həcmdə istehsal aparmalıdır. Bu həcm isə təkcə daxili tələbi ödəməklə məhdudlaşmamalı, eyni zamanda ixrac imkanlarını da əhatə etməlidir. Bütün bunlar isə ciddi rəqabət mühiti şəraitində baş verir. Bəzən belə bir yanaşma irəli sürülür ki, məsələn, kondisioner zavodu qurulsun və idxal dayandırılsın. Bu isə nəticə etibarilə həm qiymətin, həm də keyfiyyətin arzuolunmaz səviyyədə formalaşmasına gətirib çıxarar. Əslində, yerli istehsalın qurulmamasının səbəbi də məhz rəqabətdir. Rəqabət ona imkan vermir ki, yerli məhsul idxal olunan mallarla müqayisədə daha ucuz və daha keyfiyyətli olsun. Bəs rəqabət niyə buna imkan vermir? Birincisi, ölkənin coğrafi lokasiyası əlverişli deyil. İkincisi, kapital çatışmazlığı var. Yəni böyük həcmli sənaye istehsalını qurmaq üçün kifayət qədər maliyyə resurslarımız yoxdur. Üçüncüsü, bazar problemidir: məhsulu hara və necə satacağıq? Dördüncüsü isə ənənə və bilik məsələsidir. Bu sahədə ixtisaslı kadrlar, texniki bilik, təcrübə və köməkçi sənaye sahələri yetərli deyil”.

İqtisadçı əlavə edib ki, rəqabətli istehsalın qurulması son dərəcə çətin prosesdir:

“Bu cür istehsal qurularsa belə, sabah onun fəaliyyətini dayandırmaq, qapısına qıfıl vurmaq riski çox yüksəkdir. Məsələn, kondisioner istehsal etsək belə, yerli istehsal olunan məhsul idxal məhsulundan daha baha başa gələcək. Çünki ixtisaslı işçi tapmaq problemli məsələdir, xammal, istehsal avadanlıqları və texnologiya əsasən xaricdən gətirilir. Ölkənin dənizə birbaşa çıxışının olmaması da logistika xərclərini artırır. Üstəlik, şimalda Rusiya, cənubda isə İran kimi problemli regionlarla əhatə olunmuşuq. Bu şəraitdə Azərbaycanda böyük həcmli sənaye istehsalının qurulacağını düşünmək real deyil. Biz yalnız rəqabət qabiliyyətinə malik olduğumuz sahələrdə istehsal qurmalıyıq. Uzunmüddətli istifadə mallarının yerli istehsalının olmamasının səbəbi də məhz bu sahələrdə rəqabət üstünlüyü yarada bilməməyimizdir”.

Seçilən
36
1
olke.az

2Mənbələr