AZ

AMEA-nın Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında yeni alınmış avadanlıqların təqdimat mərasimi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında müasir texnologiyalar əsasında alınmış yeni mətbəə avadanlıqlarının təqdimat mərasimi olub.

Bölmənin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və bölmə əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən akademik İsmayıl Hacıyev bildirib ki, AMEA-nın Naxçıvan Bölməsi Ulu Öndər Heydər Əliyevin xüsusi Sərəncamı ilə 2002-ci il avqustun 7-də yaradılıb və 2003-cü ilin yanvar ayından fəaliyyətə başlayıb. O, Ümummilli Liderin bölmənin yaradılmasına həsr olunmuş müşavirədə qarşıda duran vəzifələrin strateji əhəmiyyətini dərindən təhlil etdiyini vurğulayaraq diqqətə çatdırıb ki, ötən dövrdə həm Ulu Öndərin, həm də Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduqları vəzifələrin icrası istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilib.

Akademik İsmayıl Hacıyev qeyd edib ki, “Tusi” nəşriyyatı 2005-ci ildən fəaliyyət göstərir və AMEA-nın Naxçıvan Bölməsinin ilk elmi nəşri olan “Elmi əsərlər” jurnalının birinci nömrəsi məhz bu nəşriyyatda çap olunub. Sonrakı illərdə bölmənin elmi jurnalları, illik hesabatları, biblioqrafik göstəriciləri və digər elmi-xarakterli nəşrlər “Tusi” nəşriyyatında işıq üzü görüb. O, yeni alınmış avadanlıqların nəşriyyatın maddi-texniki bazasını əhəmiyyətli dərəcədə gücləndirdiyini, əsas məqsədin isə bu imkanlardan səmərəli və məqsədyönlü istifadə etməklə elmi nəşrlərin keyfiyyətini daha da yüksəltmək olduğunu vurğulayıb.

Akademik İsmayıl Hacıyev AMEA-nın Naxçıvan Bölməsinə göstərilən diqqət və qayğıya görə öz adından və kollektiv adından minnətdarlığını bildirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Tusi” nəşriyyatında ən son texnologiyalar əsasında kolioqrafiya bazasının yenidən qurulması münasibətilə Naxçıvan Bölməsinin kollektivini və nəşriyyatın əməkdaşlarını təbrik edib. O, Prezident İlham Əliyevin ötən il noyabrın 3-də AMEA-nın 80 illik yubileyindəki çıxışında, eləcə də bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan elminin inkişafını ölkənin gələcək prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyini xatırladıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, akademiyada aparılan islahatlar, xüsusilə elektronlaşma və rəqəmsallaşma istiqamətində görülən işlər artıq yeni mərhələyə qədəm qoyub. Bu baxımdan AMEA-nın Naxçıvan Bölməsində ”Tusi” nəşriyyatının yeni mətbəə avadanlıqları ilə təchiz olunması rəqəmsal elmin inkişafı və dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrası baxımından mühüm addımlardan biridir. O, Naxçıvan Bölməsinin böyük elmi potensiala malik olduğunu, adambaşına düşən elmi nəşrlərin sayına görə ön sıralarda yer aldığını vurğulayıb.

İsa Həbibbəyli yeni avadanlıqların yüksək çap imkanlarına malik olduğunu, bu texnologiyaların yalnız çap prosesinin təkmilləşdirilməsinə deyil, eyni zamanda, elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsinə, Naxçıvanda elmi mühitin daha da canlanmasına və ümumilikdə akademiyanın inkişafına ciddi stimul verəcəyini bildirib.

Nəşriyyatın əməkdaşı Qafar Qənbərov yeni avadanlıqlar barədə məlumat verib və göstərilən qayğıya görə minnətdarlığını bildirib.

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Əbülfəz Quliyev çıxış edərək bildirib ki, yeni alınmış avadanlıqlar elmin inkişafına mühüm stimul verəcək. O, həmçinin vurğulayıb ki, Azərbaycan Prezidentinin elm sahəsində qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində kollektiv olaraq üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə icra edəcəklər.

Təqdimat mərasimi iştirakçıların yeni avadanlıqlarla yaxından tanış olması və nəşriyyatın texniki imkanlarının nümayişi ilə davam edib.

Seçilən
30
2
ikisahil.az

3Mənbələr