AZ

Tanınmış ekstrasenslə müsahibə - ÖZƏL


Jurnalist Nərmin Balacayevanın suallarını cavablandıran ekstrasens Fərqanə Telman qızı öz qabiliyyətini necə kəşf etməsindən tutmuş, insanların ona ən çox hansı mövzularda müraciət etdiyinə, eləcə də cinlər, cadu və gələcəklə bağlı maraqlı açıqlamalar verib.

– Xoş gördük, Fərqanə xanım. Maraqlıdır, özünüzdə bu potensialı necə kəşf etdiniz?

– Hisslərimlə insanların duyğularını hiss etməyə başladım. Onlar üçün nəyin xeyir, nəyin şər olduğunu daxilimdə görürdüm. Zamanla hisslərim və görüntülərim mənə çox şeydən xəbər verməyə başladı.

– Ekstrasensliyə inanmayan insanlara nə demək istərdiniz?

– İnanmamaq da bir seçimdir və buna hörmətlə yanaşıram. Amma insanın görmədiyi hər şeyi inkar etməsi düzgün deyil. Sevgi görünmür, amma hiss olunur. Enerji görünmür, amma təsir edir. Ekstrasenslik də belədir – bunu yaşayan bilir. İnanmayanlar ya qorxur, ya da hələ vaxtları çatmayıb. Hər kəsin qapısı eyni anda açılmır. Ekstrasenslik ekstra gücdür və bu hər kəsdə özünü göstərmir.

– Gələcəyi görmək insanın taleyini dəyişə bilərmi?

– Gələcəyi görmək taleyi dəyişmir, amma seçim şansı yaradır. Taleyin yazılan hissəsi var, bir də insanın özü yazdığı hissə. Biz yol göstəririk, xəbərdarlıq edirik. Bəziləri düşünür ki, ölümə gedəni qaytarmaq olmur, amma mən ölümə gedən insanı geri qaytara bilirəm. Taleyin bir qismi seçimdir. İnsan isə o yolda necə gedəcəyinə özü qərar verir. Bəzən bir söz, bir dua insanın illərlə çəkəcəyi yükü yüngülləşdirir.

– İnsanlar sizə ən çox hansı suallarla müraciət edirlər?

– Ən çox sevgi, ailə və ayrılıq mövzuları ilə gəlirlər. “Barışacağıqmı?”, “Məni düşünürmü?”, “Üzərimdə cadu varmı?” kimi suallar çox olur. Bundan başqa iş, pul, borc, sağlamlıq, nəzər və bədnəzər məsələləri ilə də müraciətlər edilir.

– Azərbaycanda hansı əməllər daha məşhurdur?

– Ən çox ayrılıq, soyutma və bağlama əməlləri edilir. Xüsusilə ailə içində paxıllıq və qohum nəzəri çox güclüdür. Bəzən insan öz yaxınından zərər görür. Amma hər problem əməl deyil, bəzən bu sadəcə ağır enerji və ya sınanma dövrüdür.

– İnsanları maraqlandıran suallardan biri də cinlərin həqiqətən mövcud olub-olmamasıdır.

– Bəli, cinlər mövcuddur. Quranda “Cin” surəsi var. Bu tək ekstrasenslərin yox, dini mənbələrin də qəbul etdiyi həqiqətdir. Onlar bizim görmədiyimiz aləmin varlıqlarıdır. Hər cin zərərli deyil, amma insanla təması olanlar təhlükəli ola bilər. Xüsusilə bədəndə məskən salanlar qorxuludur və onlardan təmizlənmək illər çəkə bilər.

– Cinlərin soğan və sarımsaq qabığı yandırılan yerlərə yığışması doğrudurmu?

– Bəli, xüsusilə insan qorxu içindədirsə, ruhən zəifdirsə və neqativ düşünürsə. Cinlər və şeytanlar enerji ilə hərəkət edirlər. Hər kəsə girə bilməzlər, amma özünü qorumasız buraxan insan risk altındadır. Ona görə də dua və ruhun təmizliyi çox önəmlidir.

– Cinlər və şeytanlar insan bədəninə daxil ola bilirlərmi?

– Ola bilirlər. Şeytanlar daha çox əməllə, cinlər isə xarabalıq yerlərdə, tualetlərdə, yerə qaynar su töküldükdə və cadu vasitəsilə göndərilir.

– Gələcək üçün insanlara ümumi tövsiyəniz nədir?

– Qorxu ilə yaşamayın. Özünüzü dua, yaxşı niyyət və təmiz qəlblə qoruyun. Hər deyilənə inanmayın, amma hər şeyi də yüngülə almayın. Ən əsası isə niyyətiniz təmizdirsə, yolunuz da açıq olar.


Nərmin Balacayeva


Seçilən
48
azia.az

1Mənbələr