Musavat.com xəbər verir ki, körpü uzunluğu 216 metr, eni isə 24,5 metr olmaqla layihələndirilib. Körpüdə hər istiqamətdə 2 nəqliyyat vasitəsi və piyadalar üçün 1 hərəkət zolağı nəzərdə tutulub. Həmçinin burada hər iki ölkənin ərazisində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyat vasitəsini (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi də planlaşdırılır.
İqtisadçı Eldəniz Əmirov bildirir ki, Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün açılması Zəngilan-Naxçıvan xəttində məsafəni mövcud Culfa marşrutu ilə müqayisədə təxminən 60-100 kilometr qısaldır. Onun sözlərinə görə, bu fərq kağız üzərində sadə görünə bilər, amma real iqtisadi təsiri kifayət qədər ölçülə biləndir: "Avtomobil daşımalarında, xüsusilə kənd təsərrüfatı məhsulları üzrə, qəbul edilən praktik yanaşmaya görə hər 100 kilometrlik məsafə məhsulun maya dəyərinə orta hesabla 0.5-3 %v əlavə yük yaradır. Məhsul ucuz olduqda, həcmi böyük olduqda və ya soyuduculu daşınma tələb edildikdə bu göstərici 3-6 %-ə qədər yüksələ bilir.
Məsələn, 1 ton məhsulun dəyəri 1000 manat olduqda 100 km-lik yol daşınma xərci hesabına maya dəyərini təxminən 0.8-1.5 % artırır. Eyni məsafə 1 ton məhsulun dəyəri 300-400 manat olan mallarda 2-5 %-lik təsir yarada bilir. Yəni yolun hər kilometri məhsul ucuzlaşdıqca daha ağır hiss olunur.
Bu baxımdan marşrutun 60-100 kilometr qısalması kənd təsərrüfatı və gündəlik istehlak mallarında məhsulun maya dəyərində təxminən 0.3-3 % aralığında birbaşa qənaət effekti yaradır. Bunun üzərinə vaxt itkisi azalır, yanacaq sərfi düşür, sürücü və texniki resurslardan istifadə daha səmərəli olur, gecikmə və məhsul itkisi riskləri zəifləyir".
İqtisadçının sözlərinə görə, logistika xərci məhsulun qiymətində adətən görünməyən, amma bazar davranışını müəyyən edən əsas amillərdən biridir. O bildirir ki, məsafə qısaldıqca regionlararası qiymət fərqləri azalır, tədarük daha stabil olur və Naxçıvan istiqamətində bazarın proqnozlaşdırıla bilmə səviyyəsi yüksəlir: "Bu layihənin real iqtisadi dəyəri məhz buradan başlayır. Praktikada 100 kilometrlik yol bəzən məhsulun maya dəyərində 3 faizə qədər fərq yarada bilir. Bu isə artıq bazarda hiss oluna bilən nəticədir".
Qeyd edək ki, Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində Ağbənd avtomobil yolu körpüsünün təməli 2022-ci ildə qoyulub. Layihə Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının artırılmasına, eləcə də bölgədə nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsinə xidmət etməklə region ölkələrinə əlavə imkanlar yaradacaq.