ain.az bildirir, Apa.az portalına istinadən.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, hökuməti hüquqi prosesi sürətləndirərək 15 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinə qadağanın sentyabrda yeni dərs ili başlamazdan əvvəl qüvvəyə minməsini istəyir.
APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Uşaqlarımızın və yeniyetmələrimizin beyinləri satışda deyil. Onların emosiyaları da satışda deyil və manipulyasiya olunmamalıdır – istər Amerika platformaları, istərsə də Çin alqoritmləri tərəfindən” – deyə Makron bildirib.
“Ona görə də biz 15 yaşdan aşağılar üçün sosial medianı qadağan edirik və liseylərdə mobil telefonları da qadağan edəcəyik. Məncə bu, aydın qaydadır: yeniyetmələr üçün aydın, ailələr üçün aydın, müəllimlər üçün aydın”, – deyə o vurğulayıb.
Qərb ölkələrinin bir çoxu sosial medianın gənclərə verə biləcəyi zərərlərdən qorumaq məqsədilə sərt qanunvericilik addımları atmağa çalışır. Buna misal olaraq Avstraliyanın dekabr ayında qəbul etdiyi və 16 yaşdan aşağı şəxslərin Instagram, TikTok, Facebook və digər platformalarda hesab açmasını qadağan edən qanunu göstərilir.
Makronun açıqlaması Böyük Britaniya hökumətinin də uşaqların internetdə təhlükəsizliyini artırmaq üçün müxtəlif tədbirləri nəzərdən keçirdiyini bildirməsindən bir neçə gün sonra gəlib. Bu tədbirlər arasında 16 yaşdan aşağılar üçün sosial mediadan istifadənin qadağan olunması da var.
Fransada bu qadağa təşəbbüsünə Makronun “Renessans” partiyasından deputat Lor Miller rəhbərlik edir. Miller Fransa parlamenti ilə əlaqəli televiziya kanalına müsahibəsində bildirib ki, hökumət tədbir görməlidir, çünki “hazırda heç bir yaş yoxlanışı yoxdur”.
“O qədər sadədir ki, istənilən doğum tarixini yazıb platformaya daxil olmaq mümkündür. Biz Avropa Rəqəmsal Xidmətlər Aktını (DSA) ciddi şəkildə tətbiq etməklə platformalara sosial şəbəkəyə daxil olarkən real yaş təsdiqi tələb etməyi məcbur etmək istəyirik. Bu, hər şeyi dəyişir, çünki istifadəçilər həqiqətən 15 yaşdan böyük, yoxsa kiçik olduqlarını sübut etməli olacaqlar”, – deyə o bildirib.
Miller etiraf edib ki, məhdudiyyətləri keçməyin “həmişə yolları olacaq”, lakin Fransa ən azı “azyaşlıların onlayn mühafizəsi” məsələsində ilk ciddi addımı atmalıdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.