AZ

Sahibə Qafarova Bəhreynin Şura Məclisinin sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində yanvarın 25-də bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Al Salehlə görüşüb.

Moderator.az xəbər verir ki, Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayan Əli bin Saleh Al Saleh bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirərək, bu çərçivədə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

S.Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan parlamentinin sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfərinin münasibətlərimizin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparmağa imkan verəcəyini vurğulayıb.

Söhbət zamanı xalqlarımızın dost ölkələrimizi birləşdirən ümumi dini və mədəni dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq, siyasi təmasların, iki dövlət arasında müxtəlif sahələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrin inkişafına təkan verəcəyinə inamlarını ifadə ediblər.

Görüşdə ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq etdikləri vurğulanaraq, bu təşkilatlarda qarşılıqlı dəstək göstərilməsindən razılıq ifadə olunub.

Söhbət zamanı qanunvericilik orqanları arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Bəhreyn qanunvericilik orqanları arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Hər iki ölkənin parlament sədrləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər bu münasibətlərin daha da dərinləşməsinə töhfə verib.

S.Qafarova Şura Məclisinin sədri ilə bundan əvvəlki görüşlərini, həmçinin, Əli bin Saleh Al Salehin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Manama şəhərində keçirilən konfransında iştirakını məmnunluqla xatırlayıb. Vurğulanıb ki, Bəhreyn Parlamenti bu mühüm parlament platformasının bütün konfrans və parlament tədbirlərində, o cümlədən, təşkilatın rəhbər orqanlarında təmsil olunur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Seçilən
87
30
moderator.az

10Mənbələr