Respublikaçı senatorun qapalı görüşlərdə vitse-prezident Cey Di Vensi hədəf aldığı, Trampın tarif siyasətinin isə iqtisadiyyata zərbə vuracağını dediyi bildirilir...
ABŞ Senatının respublikaçı üzvü Ted Kruz 2028-ci il prezident seçkilərində namizəd olmağı planlaşdırdığı bir vaxtda, potensial sponsorlarla keçirdiyi qapalı görüşlərdə ABŞ prezidenti Donald Trampı və vitse-prezident Cey Di Vensi kəskin tənqid edib.
Poliqon xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadla yazır.
Nəşrin iddiasına görə, redaksiyanın sərəncamında ümumi müddəti təxminən 10 dəqiqə olan audioyazılar var. Həmin qeydlərdə Ted Kruz Cey Di Vensi mühafizəkar bloqer Taker Karlsonun “piyadası” adlandırır, Karlsonun isə “antisemitizmi və İsrailə qarşı xarici siyasəti təbliğ etdiyini” söyləyir. Senator, həmçinin, Donald Tramp administrasiyasının tətbiq etdiyi gömrük rüsumlarının ABŞ iqtisadiyyatını sarsıda biləcəyini və bunun nəticədə prezident üçün impiçment riskini artıracağını sponsorların diqqətinə çatdırır.
Axios-un yazdığına görə, Ted Kruz qapalı görüşlərdə 2025-ci ilin aprelində bir qrup senatorla birlikdə Donald Trampı istefaya çağırdıqlarını da iddia edib. Onun sözlərinə görə, bu söhbət “uğursuz keçib”, Tramp isə “qışqırıb və əsəbiləşib”. Kruz daha sonra prezidentə bildirib ki, o, Nümayəndələr Palatası və Senat üzrə aralıq seçkilərdə kifayət qədər tərəfdar toplaya bilməyəcək.
Məsələyə rəsmi münasibət bildirən Ted Kruzun nümayəndəsi Axios-un sorğusuna cavabında senatorun “prezidentin ən böyük müttəfiqi” olduğunu deyib. O, Kruzla Tramp arasında ixtilaf yaratmaq cəhdlərini isə “acınacaqlı və darıxdırıcı” kimi xarakterizə edib.
Poliqon.info