AZ

Xaricdə təhsil aldı, ölkədə dövlət qurumunda çalışır: “Diplom yox, bacarıq önəmlidir”

Qloballaşan dünyada bilik və təcrübənin sərhəd tanımadığı bir dövrdə Azərbaycan dövləti gənclərin xaricdə təhsil almasına xüsusi önəm verir.

Dövlət proqramları çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alan gənclərimiz bu gün qazandıqları bilik və bacarıqları Vətənə gətirərək müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər.

Onlar həm peşəkar kadr kimi ölkənin inkişafına töhfə verir, həm də beynəlxalq təcrübə ilə yerli reallıqlar arasında körpü rolunu oynayırlar.

AzEdu.az bu münasibətlə dövlət proqramı çərçivəsində xaricdə təhsil alaraq ölkəmizə qayıdan və hazırda burada fəaliyyət göstərən gənclərimizin keçdiyi yol, qazandıqları təcrübə və gələcəyə baxışları ilə bağlı silsilə müsahibələr təqdim edir.

İlk müsahibimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) dövlət qulluqçusu kimi fəaliyyət göstərən Nicat Qurbanovdur.

O, bakalavr təhsilini dövlət proqramı çərçivəsində xaricdə alıb.

Müsahibəni təqdim edirik:

Nicat bəy, ilk olaraq sizi bir az daha yaxından tanıyaq. Təhsil və peşə yolunuz necə başlayıb?

- Mən bakalavr təhsilindən etibarən xaricdə oxumuşam. Bakalavr təhsilimi biznesin idarəedilməsi və iqtisadiyyat ixtisası üzrə İtaliya dövlət təqaüdü ilə Romada yerləşən Tor Vergata Universitetində, ingilis dilində almışam. Təhsil aldığım müddətdə universitetin nəzdində təşkil olunan kurslar vasitəsilə italyan dilini də tam şəkildə öyrənmişəm.

Bakalavr dövründə akademik göstəricilərim yüksək olduğu üçün ikinci kursda bir semestr müddətinə İspaniyada, Zaragoza Universitetində mübadilə proqramında iştirak etmişəm. Eyni zamanda, bakalavr təhsilimin son ilində İtaliyada yerləşən “Big 4” şirkətlərindən biri olan KPMG-də mühasib kimi çalışmaq imkanım olub. Bu təcrübə mənim üçün nəzəri biliklərin praktikada necə tətbiq olunduğunu görmək baxımından çox önəmli idi.

Daha sonra magistr təhsilimi Romada yerləşən LUISS Universitetində korporativ maliyyə ixtisası üzrə davam etdirmişəm. Burada həm İtaliya dövlət təqaüdü, həm də Azərbaycan dövlət təqaüdü qazanmışam, eyni zamanda universitetin təqdim etdiyi GIIMED təqaüdünü alan dörd tələbədən biri olmuşam.

Magistraturanın ilk ilində Romada yerləşən, Yaponiyanın iri dərman şirkətlərindən biri olan Takeda-da maliyyə planlaması və analitika üzrə mütəxəssis kimi çalışmışam. Yüksək nəticələrimə görə növbəti mərhələdə Fransada, PSL-Paris Dauphine Universitetində kvantitativ maliyyə üzrə bir semestrlik mübadilə proqramında iştirak etmişəm.

Təhsilimi 2024-cü ilin oktyabr ayında bitirmişəm. Sənədləşmə işlərini tamamladıqdan sonra ilin sonuna doğru Azərbaycana qayıtmışam və hazırda təxminən bir ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluqçusu kimi fəaliyyət göstərirəm.

Sizcə, müasir dövrdə uğurlu mütəxəssis olmaq üçün ali təhsildən əlavə hansı bacarıqlar vacibdir və bu bacarıqları tələbəlik illərində necə formalaşdırmaq olar?

- Düşünürəm ki, təkcə diplom kifayət etmir. Bu səbəbdən təhsil müddətində həm dil biliklərimi, həm də texniki bacarıqlarımı inkişaf etdirməyə çalışmışam. İngilis və italyan dillərindən əlavə, müəyyən səviyyədə alman dili biliyim olduğu üçün bakalavr dövründə iki ay müddətində alman dili müəlliminin assistenti kimi könüllü fəaliyyət göstərmişəm.

Texniki tərəfdən isə Python kimi proqramlaşdırma dillərini öyrənmişəm. Xüsusilə maliyyə və analitika sahəsində bu bacarıqların olduqca vacib olduğunu düşünürəm.

- Dövlət proqramına müraciət etmək qərarını necə verdiniz? Bu seçimdə sizi istiqamətləndirən əsas motivasiyalar nələr idi?

- Dövlət proqramı gənclər üçün həqiqətən də unikal bir imkandır. Çünki bu proqram vasitəsilə dünyanın ən nüfuzlu universitetlərində tam təqaüdlə təhsil almaq mümkündür. Adətən bu universitetlərdə təqaüd qazanmaq kifayət qədər çətin olur.

Maraqlı məqam ondan ibarətdir ki, dövlət proqramı elan olunanda mən artıq xaricdə təhsil alırdım. Yəni mənim üçün əsas motivasiya maddi məsələ deyildi. Daha çox proqramın təklif etdiyi digər üstünlüklər diqqətimi cəlb edirdi. Bunlardan biri dövlət təqaüdçülərinin dövlət qulluğuna imtahansız qəbul olunmaq imkanının olmasıdır. Bu, mənim üçün olduqca ciddi və cəlbedici bir üstünlük idi.

Digər tərəfdən, dövlət proqramı çox güclü bir “networking” mühiti yaradır. İl ərzində müxtəlif görüşlər və tədbirlər təşkil olunur, həm əvvəlki proqram məzunları, həm də hazırda təhsil alan gənclərlə əlaqələr qurmaq imkanı yaranır. Bu isə həm təcrübə mübadiləsi, həm də gələcək karyera baxımından olduqca dəyərlidir..

- İxtisas seçiminizdə maliyyəyə üstünlük verməyinizin və təhsilinizi məhz İtaliyada davam etdirməyinizin əsas səbəbləri nələr olub?

- Bakalavr təhsilində biznes və iqtisadiyyat istiqamətində geniş spektrli fənlər keçmişdim. Bu isə mənə zamanla hansı sahəyə daha çox marağım olduğunu daha dəqiq müəyyənləşdirmək imkanı verdi. Marağım daha çox analitik və kvantitativ sahələrə yönəldiyi üçün maliyyə ixtisasını seçdim.

LUISS Universitetini seçməyimin əsas səbəbi onun həm İtaliya daxilində, həm də Avropada yüksək nüfuza malik olmasıdır. Universitetin əsası tanınmış italyan siyasətçi Guido Carli tərəfindən qoyulub və məzunları hazırda İtaliyada həm dövlət, həm də özəl sektorda yüksək vəzifələrdə çalışırlar. Universitetin dövlət proqramı siyahısında yer alması isə bu seçimi mənim üçün daha da asanlaşdırdı.

- Xaricdə təhsil aldığınız ölkələrlə Azərbaycan təhsil sistemi arasında, sizin müşahidələrinizə əsasən, hansı əsas və ciddi fərqlər mövcuddur?

- Ən böyük fərqlərdən biri dərsə davamiyyət məsələsidir. Azərbaycanda “qayıb” anlayışı çox ön plandadır. Avropada isə bu anlayış demək olar ki, yoxdur. Orada belə hesab olunur ki, tələbə dərsə gəlmək istəyirsə, gələcək, istəmirsə, bunun məsuliyyətini özü daşıyacaq.

Digər ciddi fərq müəllim-tələbə münasibətləri ilə bağlıdır. Xaricdə dərslər daha interaktiv şəkildə keçirilir və müəllimlər tələbələrə olduqca açıqdırlar. Onların xüsusi “office hour”ları olur və tələbələr dərsdən kənar vaxtlarda da rahatlıqla müəllimlərlə görüşə, suallar verə, hətta karyera ilə bağlı məsləhətlər ala bilirlər. Azərbaycanda isə bu münasibətlər bir qədər daha rəsmi və məsafəli xarakter daşıyır.

Üçüncü əsas fərq isə tədrisin praktik yönümlü olmasıdır. Xaricdə real şirkətlərin maliyyə hesabatlarını təhlil edir, simulyasiyalar aparır və real biznes problemləri üzərində işləyirdik. Bu yanaşma isə məzun olduqdan sonra iş həyatına adaptasiyanı xeyli asanlaşdırır.

- Xaricdə təhsil aldığınız müddətdə sizi ən çox təəccübləndirən və fərqli görünən nə oldu?

- Ən çox təəccübləndirən məhz praktiki yanaşma oldu. Tapşırıqlar abstrakt və ya nəzəri səviyyədə yox, real şirkətlərin faktiki məlumatları üzərində qurulurdu. Məsələn, bir şirkətin bir neçə illik maliyyə hesabatını analiz edib gələcək proqnozlar vermək tələb olunurdu.

Digər tərəfdən, müəllimlərin tələbələrə daim açıq olması, onları dinləməsi və istiqamətləndirməsi çox motivasiyaedici idi. Məncə, bu iki faktor - praktiki tədris və müəllim-tələbə yaxınlığı təhsilin keyfiyyətini ciddi şəkildə artırır.

- Təhsil aldığınız müddətdə sizcə ən çox hansı bacarıqları qazandınız?

- Düşünürəm ki, xaricdə təhsil aldığım müddətdə qazandığım ən əsas bacarıq kommunikasiya bacarığı oldu. Bu illər ərzində iki fərqli ölkədə, həm mübadilə proqramları çərçivəsində, həm də əsas təhsil müddətində müxtəlif millətlərdən olan insanlarla birbaşa ünsiyyətdə olmuşam. Xüsusilə İtaliyada oxuduğum dövrdə başqa ölkələrdən gəlmiş tələbələrlə yaxından tanış olmaq imkanım oldu.

Bu ünsiyyətlər sayəsində fərqli mədəniyyətləri tanıdım, onların ölkələri, dünyagörüşləri və həyat tərzləri haqqında məlumatlar əldə etdim. Eyni zamanda öz ölkəmiz, mədəniyyətimiz, tariximiz və dəyərlərimiz haqqında onlara məlumat vermək fürsəti qazandım. Düşünürəm ki, məhz bu qarşılıqlı mədəni mübadilə mənim ünsiyyət bacarıqlarımı xeyli inkişaf etdirdi.

Texniki və akademik bacarıqlara çox dərindən girmək istəmirəm, çünki bunlar təhsilin təbii bir hissəsidir: praktiki biliklər, layihələr, xarici ölkələrdə iş təcrübəsi və s. Amma xüsusi vurğulamaq istədiyim başqa bir məqam talyan dilini tam səviyyədə öyrənməyimdir. Hesab edirəm ki, məni oxşar təhsil keçmişi olan bir çox insanlardan fərqləndirən əsas cəhət məhz budur.

Nəzərə alsaq ki, Azərbaycan və İtaliya arasında iqtisadi və siyasi əlaqələr sürətlə inkişaf edir, İtaliyanın Azərbaycanın əsas neft ixrac tərəfdaşlarından biri olması da bu dili bilməyin nə qədər önəmli olduğunu göstərir. Bu baxımdan, dil bacarığımın gələcək karyeramda mühüm rol oynayacağına inanıram.

Bundan əlavə, müxtəlif ölkələrdən dostluqlar qazandım və bu əlaqələr bu gün də davam edir. Bir-birimizin ölkələrinə gedib-gəlirik, əlaqə saxlayırıq. Məncə, bunlar da xaricdə təhsilin verdiyi ən dəyərli qazancdır.

- Akademik mühitdən kənarda, mədəni və sosial baxımdan sizi ən çox təsirləndirən təcrübələr nələr oldu?

176574

- Təhsildən kənar baxsaq, mədəni baxımdan italyanların olduqca səmimi və qonaqpərvər insanlar olduğunu gördüm. Açığı, bu xüsusiyyətlərinə görə bizə çox bənzədiklərini düşünürəm. Tam eyni olmasaq da, mentalitet baxımından kifayət qədər yaxın cəhətlərimiz var.

Xüsusilə italyan dilini yeni öyrənməyə başladığım dövrlərdə bu səmimiyyəti daha çox hiss edirdim. Küçədə, mağazada, dövlət qurumlarında danışmağa çalışanda dilim tam yaxşı olmasa belə, insanlar bunu çox müsbət qarşılayırdı. “Çox yaxşı danışırsan”, “Bu dili necə öyrənmisən?” kimi sözlər motivasiyamı xeyli artırırdı. Bu, insanı sıxmayan, əksinə təşviq edən bir yanaşmadır.

Oxşar münasibəti İspaniyada da müşahidə etdim. İspanlar da olduqca açıq, mehriban və kömək etməyə meyilli insanlardır. Dil bilməsən belə, səninlə ünsiyyət qurmağa çalışırlar və bu da adaptasiyanı çox asanlaşdırır. Düşünürəm ki, bu xüsusiyyətlər həmin cəmiyyətləri müəyyən mənada bizdən fərqləndirir.

Bundan əlavə, xaricdə olduğum müddətdə ölkəmiz adına müxtəlif tədbirlərdə iştirak etmişəm. İstər səfirliyin təşkil etdiyi, istərsə də rəsmi və mədəni tədbirlərdə. Bu tədbirlərdə yerli italiyalılarla, tələbələrlə və rəsmi nümayəndələrlə tanış olmaq imkanım olub və hər zaman Azərbaycanı, mədəniyyətimizi və dəyərlərimizi tanıtmağa çalışmışam. Bu da mənim üçün çox dəyərli bir təcrübə idi.

- İtaliya və İspaniyada müşahidə etdiyiniz hansı yanaşmaları və təcrübələri hazırda Azərbaycanda tətbiq etməyə çalışırsınız?

- Bu suala iki istiqamətdə cavab vermək olar. Praktiki baxımdan, xaricdə həm universitetdə, həm də iş mühitində öyrəndiyim yanaşmaları hazırda çalışdığım iş yerində tətbiq etməyə çalışıram. İşə məsuliyyətli yanaşma, planlama və kollektivlə əməkdaşlıq kimi prinsiplər buna daxildir.

Digər tərəfdən, sosial və insani münasibətlər baxımından orada gördüyüm səmimiyyəti buradakı münasibətlərimə də gətirməyə çalışıram. Təkcə iş daxilində yox, işdən kənarda da insanlarla daha açıq, rahat və kompleksiz ünsiyyət qurmağa çalışıram. Düşünürəm ki, bu, kənardan da hiss olunur.

Bundan əlavə, xaricdə təhsil təcrübəmi bölüşmək mənim üçün çox önəmlidir. Gənclərə istər dövlət proqramları, istərsə də digər təqaüd və təhsil imkanları barədə məlumat verir, öz yaşadıqlarımı paylaşır, hansı ölkənin hansı üstünlükləri olduğunu, harada nələrə diqqət etməli olduqlarını izah etməyə çalışıram. Məqsədim odur ki, başqaları da bu təcrübədən faydalana bilsin.

- Vətənə qayıtdıqdan sonra adaptasiya prosesi necə keçdi? Hər hansı çətinliklərlə qarşılaşdınızmı?

- Sözün düzü, adaptasiya ilə bağlı ciddi çətinlik yaşamadım. Baxmayaraq ki, ümumilikdə altı il Avropada, əsasən də İtaliyada yaşamışam. Bunun əsas səbəbi odur ki, həmin illər ərzində bayramlarda və tətillərdə mütəmadi olaraq Azərbaycana qayıdırdım. Ailəmlə və dostlarımla əlaqəni heç vaxt kəsməmişdim.

Üstəlik, xarakter etibarilə düşünürəm ki, mən daha çox buraya uyğun biriyəm. Ona görə də qayıdış mənim üçün çətin olmadı, əksinə, olduqca rahat keçdi.

Xaricdə təhsil almağa qərar verərkən hansı hazırlıqlar gördünüz və geriyə baxanda nəyi fərqli edərdiniz?

176575

- İlk növbədə qeyd edim ki, mən ilk dəfə xaricə gedəndə cəmi 19 yaşım var idi və bütün araşdırma, müraciət proseslərini demək olar ki, təkbaşına aparmışdım. O vaxtlar, açığı, gedəcəyim ölkənin yaşam standartları, iş bazarı, sosial mühit kimi məsələlər barədə çox dərindən düşünmürdüm.

İndi geriyə baxanda deyə bilərəm ki, mütləq şəkildə bu məsələlər əvvəlcədən araşdırılmalıdır. Təkcə universitet yox, ölkənin dili, gündəlik həyat xərcləri, tələbələr üçün imkanlar və gələcəkdə iş tapmaq perspektivi kimi faktorlar da nəzərə alınmalıdır. Xaricdə təhsil təkcə diplom deyil, eyni zamanda həyat təcrübəsidir. Ona görə də bu qərar nə qədər şüurlu verilərsə, nəticəsi də bir o qədər uğurlu olur.

- Xaricdə təhsilin imkanları barədə gənclər adətən nə qədər məlumatlı olurlar? Sizcə, hansı məqamlar gözdən qaçırılır?

- Açığı desəm, mən bütün bu detalları düşünmürdüm. Daha çox “universitetə qəbul olum, təqaüd qazanım, xaricdə oxuyum” düşüncəsi var idi. Əslində gənclərin böyük əksəriyyəti də məhz bu hissəyə fokuslanır.

Amma məsələ təkcə qəbul olmaq və ya təqaüd qazanmaqdan ibarət deyil. Burada bir də "aysberqin görünməyən tərəfi" var. Yaşayış, mədəniyyət fərqləri, akademik sistem, sosial həyat, psixoloji adaptasiya və s. bunlar çox vaxt araşdırılmır və diqqətdən kənarda qalır.

Mənim gənclərə əsas tövsiyəm odur ki, təkcə internetdə oxumaqla kifayətlənməsinlər. Mütləq şəkildə həmin təcrübəni artıq yaşamış, o ölkədə oxumuş və ya yaşamış insanlarla əlaqə yaratsınlar, onların real təcrübələrini dinləsinlər. Çünki kağız üzərində hər şey çox gözəl görünə bilər, amma reallıq bəzən tamam fərqli olur.

- Amma hər kəsin təcrübəsi də fərqlidir, elə deyilmi?

- Tamamilə doğrudur. Eyni ölkə, eyni universitet, hətta eyni fakültə haqqında belə biri çox müsbət, digəri isə mənfi danışa bilər. Bu, çox normaldır, çünki insan faktoru var. Bəzi şeylər yalnız yaşadıqdan sonra başa düşülür.

Ona görə də mən deyərdim ki, fərqli fikirləri dinləsinlər, amma yekun qərarı verərkən öz məqsədlərini, xarakterlərini və gözləntilərini nəzərə alsınlar.

- Bəs xaricə gedən tələbələri ən çox hansı çətinliklər gözləyir?

- Çətinliklərin olması qaçılmazdır və bu, tamamilə normaldır. Mən özüm də ilk vaxtlar müəyyən problemlərlə qarşılaşmışdım. Baxmayaraq ki, orta məktəbdə kifayət qədər uğurlu idim və yaxşı nəticələrim var idi.

Bu həm akademik, həm də gündəlik həyatla bağlı idi. Çünki fərqli bir təhsil sistemi, fərqli yanaşmalar və fərqli mühit var. İnsan istər-istəməz çətinlik yaşayır. Amma əsas məsələ odur ki, bu çətinliklərdən qorxmasınlar. Mübarizə aparsınlar, səbrli olsunlar və öz üzərlərində işləsinlər. Vaxt keçdikcə hər şey yoluna düşür.

- Xaricdə oxuyan gənclər üçün davranış və təmsilçilik məsələsi nə qədər önəmlidir?

176573

- Çox önəmlidir. İnsan bunu bəzən unudur, amma biz orada təkcə özümüzü yox, Azərbaycanı da təmsil edirik.

Siz bir xarici ilə ünsiyyətdə olanda və “Mən azərbaycanlıyam” dedikdə, əgər mənfi davranış sərgiləsəniz, qarşı tərəf bunu istər-istəməz ümumiləşdirir. Bu düzgün deyil, amma insan psixologiyası belə işləyir.

Ona görə də davranışımıza, həyat tərzimizə və ünsiyyət mədəniyyətimizə maksimum diqqət etməliyik. Bu həm bizim şəxsi imicimiz, həm də ölkəmizin imici üçün vacibdir.

- Xaricdə təhsil zamanı dil məsələsinə necə yanaşdınız?

- Məncə bu, çox kritik məsələdir. Əgər getdiyiniz ölkənin dili ingilis dili deyilsə, mütləq şəkildə həmin dili öyrənmək lazımdır.

İtalyan dilində bir atalar sözü var: “Bir dil bilmək koridorda bir qapını açır, iki dil bilmək isə o koridordakı bütün qapıları". Məncə, bu söz hər şeyi çox gözəl izah edir.

O dili bilmək istər gündəlik həyatda, istər iş imkanlarında, istər sosial çevrədə sizə mütləq üstünlük qazandırır. Hətta gələcəkdə o ölkədə qalmayacaqsınızsa belə, o dil sizin üçün hər zaman bir qazancdır.

- Bəzən deyilir ki, əsas məsələ diplom deyil. Siz bu fikirlə razısınızmı?

- Yüz faiz razıyam. Əsas məsələ diplom yox, insanın özünü necə inkişaf etdirməsidir.

Universitetdə iki tip tələbə olur: biri sadəcə imtahanları keçmək və diplom almaq üçün oxuyur, digəri isə nəsə öyrənmək, başa düşmək və bunu praktikada tətbiq etmək üçün. Mən özüm heç vaxt sırf qiymət xətrinə oxumamışam. Təbii ki, yüksək nəticə almağa çalışırdım, amma əsas məqsədim oxuduğumu tam anlamaq idi.

Hər mövzuda öz-özümə düşünürdüm: “Bu praktikada harada istifadə olunur?” və “Real həyatda bunun mənası nədir?”. Yəni sadəcə nəzəri biliklə kifayətlənmirdim.

- Diplom xətrinə oxumağın nəticəsini necə qiymətləndirirsiniz?

- Açıq deyim, diplom xətrinə oxumaqdansa, ümumiyyətlə oxumamaq daha məqsədəuyğundur. Çünki sabah iş müraciətinə gedəndə, müsahibədə hər şey ortaya çıxır.

İnsan danışanda onun səviyyəsi dərhal hiss olunur. Texniki suallara gəldikdə isə, diplom xətrinə oxumuş biri orada çətinlik çəkəcək. Sonra da deyəcək: “Diplomum var, amma iş tapa bilmirəm".

Xüsusilə indiki dövrdə, informasiya bu qədər əlçatan olduğu halda, diplomun təkbaşına böyük rolu qalmayıb. Əsas olan bilik, bacarıq və düşünmə tərzidir.

- Siz 19 yaşınızdan etibarən 6 il ərzində fərqli ölkələrdə yaşamısınız və təhsil almısınız. Bir az da mətbəx mövzusuna toxunaq. Hər hansı ölkənin mətbəxi sizin üçün xüsusilə maraqlı və yadda qalan olub?

176576

- Doğrudan da maraqlı mövzudur. Hər ölkənin mətbəxi özünəməxsusdur, necə ki, bizim Azərbaycan mətbəxi. Fərqli ölkələrdə olmaq insana təkcə akademik yox, mədəni baxımdan da çox şey qazandırır.

Bəzi mətbəxlər ilk baxışda yad gəlir, bəziləri isə zamanla sevilir. Amma harada olursan ol, insan yenə də öz mətbəxini, öz dadlarını darıxır. Bu da çox təbiidir.

Açığı, ən çox yaşadığım ölkə İtaliya olduğu üçün söhbətə elə oradan başlamaq istərdim. Bildiyiniz kimi, İtalyan mətbəxi Avropada ən məşhur mətbəxlərdən biridir. Bunun səbəbini də başa düşürəm. Digər Avropa ölkələri ilə müqayisədə İtalyan mətbəxi daha inkişaf edib və daha çox tanınır.

Ümumilikdə desəm, İtaliyada mətbəxlə bağlı ciddi çətinlik yaşamadım. Çünki İtalyan mətbəxinin əsasını un məmulatları təşkil edir: müxtəlif növ makaronlar, pizzalar və s. Bu baxımdan bizə çox da yad deyil; Azərbaycan mətbəxində də un məmulatları kifayət qədər geniş yer tutur.

Sadəcə bir fərq var idi: bizdə makaron adətən bir cür hazırlanır, sadə, ətli formada. Ev şəraitində çox müxtəlif variantlara rast gəlinmir. İtaliyada isə makaron tamam başqa dünyadır: balıqla, müxtəlif ət növləri ilə, ton balığı ilə, dəniz məhsulları ilə və müxtəlif souslarla hazırlanır.

Hətta bir dəfə italyan dili dərsində mövzu mətbəx idi. Mən də zarafatla dedim ki, “siz bu gün makaronu balıqla bişirirsiniz, sabah ətlə. Amma nəticədə yenə makaron yeyirsiniz. Bu iki fərqli yemək deyil”. Açığı, bu fikir italyanların çox da xoşuna gəlmədi, üz ifadələrindən hiss olunurdu.

Ümumilikdə isə İtaliyada makaron gündəlik yeməkdir, hətta “cibo dei poveri”, yəni “kasıbların yeməyi” kimi qəbul olunur. Tarixi isə yoxsulluq dövrlərinə gedib çıxır. Ona görə mən bu mövzuda qəribəlik hiss etmədim və uyğunlaşmaq çətin olmadı.

- Bəs İspaniya? Orada mətbəx necə idi?

- İspaniyada da ümumi təəssüratım müsbət oldu. Xüsusilə bir neçə yemək mənim üçün yadda qaldı. Məsələn, tortilla - sadə tərkibli kartof və yumurtadan hazırlanan, amma çox dadlı bir yeməkdir.

Bir də empanada var, xəmir yeməyi kimi təqdim olunur. Mən ton balıqlı olanını yemişdim və doğrudan da çox xoşuma gəlmişdi. Əlbəttə, İspaniyanın ən məşhur qəlyanaltılarından biri olan patatas bravası da qeyd olunmalıdır. Əslində bu, bildiyimiz kartof qızartmasıdır, sadəcə fərqli üsulla hazırlanır və müxtəlif souslarla təqdim olunur. Dadı isə əslində möhtəşəmdir.

Ümumilikdə, İspan mətbəxi mənim üçün kifayət qədər pozitiv və xoş bir təcrübə idi. Həm dadlı, həm də mədəni baxımdan maraqlı idi.

Fransa ilə bağlı eyni sözləri deyə bilməyəcəyəm. Orada həm mətbəx, həm də ümumi təəssüratlar bir qədər fərqli idi və mənim üçün o qədər də pozitiv deyildi.

Mətbəx baxımından əsasən universitet yeməkxanasında qidalanırdım. Orada ördək əti, donuz əti kimi məhsullar geniş istifadə olunurdu. Ola bilsin ki, bir çox insanlar üçün bu normaldır, amma mən yemək mövzusunda bir az seçiciyəm. Donuz ətini isə həm dini baxımdan, həm də dad və görünüşü ilə heç sevmirəm.

Fransada məşhur olan sendviçlərdən biri var: baton çörəyin içinə sadəcə yağ qoyurlar və böyük zövqlə yeyirlər. Dadı pis deyil, amma o qədər də “əfsanəvi” deyil. Kruasan da çox təriflənir, amma məndə xüsusi bir təəssürat yaratmadı.

Ümumilikdə düşünürəm ki, Avropada bir çox şeylər çox sadədir və insanlar bu sadəliyə böyük məna yükləyirlər. Məsələn, Eyfel qülləsini ilk dəfə görəndə ətraf mühit mənə bir az qəribə gəldi. Palçıqlı yollar, sadə parklar, insanlar sadəcə işıqlara baxıb otururlar və bundan zövq alırlar. Mən bu hissi tam başa düşə bilmədim, amma fərqli bir mədəniyyətin necə işlədiyini görmək maraqlı idi.

Nə qədər fərqli ölkələrdə olsam da, bir şeyi rahatlıqla deyə bilərəm: Azərbaycan mətbəxi ilə heç biri müqayisə oluna bilməz.

Hətta pizzadan danışsaq belə, mənə görə Papa John’s pizzası İtaliyadakı pizzalardan daha dadlıdır. Bunu italyanlar eşitməsin (gülür). Amma bu, sırf dad məsələsidir.

Tələbəlik dövründə eyni yeməyi tez-tez yemək normaldır. Mən ora yemək eksperti kimi getməmişdim; əsas məqsədim təhsil idi və düşünürəm ki, bu məqsədə nail oldum.

- Maraqlıdır, xaricdə təhsil aldığınız müddətdə tək idiniz?

- İlk ilimdə yataqxana tipli bir yerdə qalırdım və orada üç azərbaycanlı tələbə ilə birlikdə yaşayırdım. Açığı, bu çox böyük üstünlük idi.

Ümumiyyətlə, mən Fransada olanda başa düşdüm ki, əsl tək qalmaq nə deməkdir. Çünki İtaliya və İspaniyada heç vaxt tam tək olmamışam. Həmişə yanımda mənim kimi yeni gəlmiş azərbaycanlı tələbələr olub. Sənədləşmə, universitet qeydiyyatı, ev tapmaq, şəhərə uyğunlaşmaq - bütün bu işləri birlikdə görmüşük.

Fransada isə hava limanına endiyim andan etibarən tək olduğumu hiss etdim. Baxmayaraq ki, artıq bir neçə ildir xaricdə yaşayırdım, o tam təkliyi ilk dəfə orada yaşadım. Bu, doğrudan da çətindir.

Mənim üstünlüyüm onda idi ki, əvvəldən ailəmdən bir qədər aralı yaşamışdım. Ailəm Gəncədə idi, mən isə son illər Bakıda oxumuşdum. Amma yenə də başqa ölkədə, tamamilə tək olmaq tamam başqa hissdir.

- Bu təcrübədən çıxardığınız ən əsas nəticə nə oldu?

- Düşünürəm ki, xaricdə təhsil sadəcə dərsə gedib-gəlmək deyil. Bu, həyatın bütün məsuliyyətini öz üzərinə götürməkdir. Sənədlər, yaşayış, maddi məsələlər, gündəlik həyat - hər şey sənin üzərindədir.

Ona görə də xaricdə yaşamaq və oxumaq çox güclü psixologiya tələb edir. Məncə, bu birinci şərtdir. Əgər insan psixoloji olaraq hazır deyilsə, bu yola çıxmaq çox çətin ola bilər.

Seçilən
30
azedu.az

1Mənbələr