AZ

İdarə Heyətinin sədri: Qida zəhərlənməsinin diaqnostikası yalnız laborator şəraitdə təsbit edilə bilər

Bakı, 26 yanvar, AZƏRTAC

Qida təhlükəsizliyi və şəxsi gigiyena qaydalarına əməl olunmaması bəzi hallarda xoşagəlməz nəticələrə gətirib çıxarır. 2025-ci il ərzində "1003 – Çağrı Mərkəzi"nə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 51 qida zəhərlənməsi faktı təsdiqlənib. Bu hadisələrdə ümumilikdə 401 zərərçəkən qeydə alınıb. Ölüm faktı qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyev deyib

Onun sözlərinə görə, təhlillər göstərir ki, zəhərlənmələrin 65 faizi məişət zəminində baş verib:"Əsas səbəblər isə məişət şəraitində hazırlanan konservləşdirilən məhsullar, qarışıq qidalar və ictimai iaşədə dönər məhsulları olub. Bəzi hallarda mediada qeyri-peşəkar şəxslər tərəfindən qida zəhərlənmələri ilə bağlı təhrif olunmuş statistik məlumatlar paylaşılır. Diqqətə alınmalıdır ki, qida zəhərlənməsinin diaqnostikası yalnız laborator şəraitdə təsbit edilə bilər. Bu zaman şəxsin qusuntu kütləsindən və ya digər bioloji materialından nümunə götürülərək laborator tədqiqatı aparılmalıdır. Əks halda, baş vermiş hər hansı sağlamlıq, o cümlədən mədə-bağırsaq pozğunluğunun qida zəhərlənməsi kimi qələmə verilməsi yanlışdır".

 

Seçilən
57
3
azertag.az

4Mənbələr