AZ

Rəhim Sadıxov 30-cu qolunu vurdu, 100-ə şərik oldu – ARENA.AZ

“Turan Tovuz”un yarımmüdafiəçisi Rəhim Sadıxov Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu qolunu vurub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 17-ci turuna təsadüf edib.

Rəhim Sadıxov “Sumqayıt”a qarşı keçirdikləri ev oyununda qələbə topunun müəllifi olub – 2:1. O, 30-cu qolunu 185-ci matçında vurub. Yarımmüdafiəçi “Sumqayıt”da 17, “Zirə”də 10, “Turan Tovuz”da 3 dəfə fərqlənib.

Sadıxov çempionatın tarixində yüksək liqada 30 və daha çox qol vurmuş 104-cü futbolçudur. O, eyni sayda fərqlənmiş Kamal Quliyev, Ceyhun Sultanov, Orxan Əliyev və Valter Quqlemonla birgə 100-cü yerə şərikdir.

Rəhim 2025-ci ilin əvvəlindən “Turan Tovuz”da çıxış edir. 29 yaşlı futbolçu Tovuz klubunun heyətində 35 oyun keçirib, 3 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Sol vinger olan Sadıxov Moskva “Spartak”ının yetirməsidir. Rusiyada “Solyaris”, “Spartak-2” və “Torpedo”nun da şərəfini qorumuş Rəhim Azərbaycana 2019-cu ildə “Sumqayıt” tərəfindən gətirilib. O, 2022-ci ildə “Sumqayıt”dan ayrılaraq “Zirə”yə keçsə də, 2024-cü ilin iyulunda yenidən “Sumqayıt”a qayıdıb. Sadıxov “Sumqayıt”ın heyətində 98 oyunda 21 qol, 14 məhsuldar ötürmə müəllifi olub. Onun “Zirə” karyerası isə 81 oyun, 12 qol və 12 assistdən ibarətdir.

Rəhim Sadıxov Azərbaycanın U-17 və U-19 yığmalarında da oynayıb. O, 2020-ci ilin sentyabr ayında debüt etdiyi əsas milli komandamızın heyətində 9 oyunda meydana çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
11
7
arena.az

10Mənbələr