Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Şamil Babayev 1988-ci il yanvarın 26-da Culfa rayonunun Camaldın kəndində anadan olub.
QHT.az xəbər verir ki, o, 2005-2006-cı illərdə müddətli hərbi xidmətdə olub, 2010-cu ildən etibarən isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət etməyə başlayıb. İlk xidmət yeri Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsi olub. Hərbi sirləri dərindən öyrənmək və zabit olmaq üçün 2012-ci ildə Daxili Qoşunların Ali Hərbi məktəbinə qəbul olub. 2014-cü ildə buranı bitirdikdən sonra xüsusi təyinatlı dəstənin “Atəş Təminat qrupunun” komandiri vəzifəsinə təyin edilib. 2018-ci ildən Türkiyədə xüsusi təlimlərə cəlb edilib. 2020-ci ildə "kapitan" hərbi rütbəsi alıb. Şamil Babayev 44 günlük Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 7-də Şuşanın azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.
Şamil Babayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Zəfər" ordeni ilə təltif edilib.
Ruhu şad, xatirəsi əbədi olsun!