AZ

“2025-ci ildə Agentlik tərəfindən 54,5 min şəxsə əlillik təyin edilib”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2025-ci ilin yekunları və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib.
 
Ölkə.az
xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2025-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib.
 
Agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı sahəsində ötən il görülmüş işləri diqqətə çatdırıb. O, 2025-ci ildə Agentlik tərəfindən 54,5 min şəxsə əlillik təyin edildiyini, onlardan 25,3 min nəfərə ilkin, 29,2 min nəfərə isə təkrar əlillik təyin olunduğunu bildirib. 
 
Qeyd olunub ki, son bir ildə Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 142 min şəxsə reabilitasiya xidmətləri göstərilib, onlardan 78,6 min nəfər ambulator, 33,2 min nəfər stasionar və icma əsaslı reabilitasiya xidmətləri ilə təmin edilib. Bu kateqoriyadan olan 13,7 min şəxsə 212 min reabilitasiya vasitəsi verilib. 2024-cü ilə nisbətən 2025-ci ildə reabilitasiya xidməti göstərilənlərin sayı 15 faiz, reabilitasiya vasitələri ilə təmin edilənlərin sayı 12,5 faiz, təqdim edilən reabilitasiya vasitələrininsayı 2,2 dəfə artıb. Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”– Reabilitasiya Məntəqəsində ötən il əlilliyi olan 1,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib, 218 şəxsə 1365 reabilitasiya vasitəsi təqdim edilib.
 
Posmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində müharibə iştirakçısı olan 3747 şəxsə reabilitasiya xidmətlərinin göstərildiyi, müharibə ilə əlaqədar əlilliyi olan 2,4 min şəxsə 88,4 min reabilitasiya vasitəsi, 500-dən çoxşəxsə 620 ədəd yüksək texnologiyalı protez təqdim edildiyi qeyd olunub. 
 
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinə prosesindən bəhs olunub. Bildirilib ki,  4 kateqoriya üzrə rəy verilmiş çağırışçıların Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində elektron növbəlilik prinsipi əsasında peşəkar mütəxəssislər tərəfindən əyani müayinə edilir. Qəbul edilən qərarlar elektron sistemə daxil edilir və çağırışçılar nəticələr barədə elektron qaydada məlumatlandırılırlar.
 
Ötən il Agentlik tərəfindən icrasına başlanan rəqəmsal və inklüziv layihələr də diqqətə çatdırılıb. Qeyd edilib ki, bu layihələrdən biri kimi “e-sosial” mobil tətbiqi çərçivəsində istifadəyə verilən vahid rəqəmsal “Sənə özəl” platforması əlilliyi olan şəxslərin sosial həyata aktiv inteqrasiyasına, xidmətlərə rahat çıxışına imkan yaradır. Platforma vasitəsilə rəqəmsal əlillik kartı (QR/barkod əsaslı identifikasiya), tərəfdaşlar tərəfindən güzəşt və imtiyazlar, fərdi məlumatlara (reabilitasiya sənədləri, arayışlar və s) vahid çıxış imkanları təmin olunur. 
 
2025-ci ilin iyul ayında icrasına başlanan inklüziv layihə  - “Səsiniz olaq” onlayn surdotərcümə xidməti isə ölkəmizdə ilk dəfədir tətbiq olunur. Eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin işarət dili bilməyən tərəflərə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edən bu layihə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə kimi qiymətləndirilib və Avropa regionu üzrə inklüzivlik sahəsində uğurlu nümunələr sırasına daxil edilib. Layihə çərçivəsində 251 müraciət əsasında 143 surdotərcümə xidməti göstərilib. 
 
Mətbuat konfransında Ramin Rzayev jurnalistlərin suallarını da cavablandırıb.

Seçilən
71
2
olke.az

3Mənbələr