Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin, eləcə də “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin dəstəyi ilə “Tibb və hüquq prizmasından orqan transplantasiyası” mövzusunda Tibb Tələbələrinin I Forumu keçirilib.
Mərkəzi Gömrük Hospitalında təşkil olunan forumun açılışında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev çıxış edib. O, ölkəmizdə orqan transplantasiyası sahəsində son illərdə əldə olunan uğurları yüksək qiymətləndirib, Mərkəzi Gömrük Hospitalının Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ilə davamlı və səmərəli əməkdaşlıq etdiyini, hospitalda aparılan transplantasiya əməliyyatlarının beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı peşəkar komanda tərəfindən həyata keçirildiyini vurğulayıb.
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, tibb üzrə fəlsəfə doktoru, anestezioloq-reanimatoloq Yeganə Abbasovaya ötən il ölkəmizdə meyitdən ilk orqan transplantasiyasının uğurla icra edildiyi tibb müəssisəsi kimi Mərkəzi Gömrük Hospitalının fəaliyyətini xüsusi qeyd edib və “Meyitdən orqan transplantasiyası: beyin ölümünün təyini kriteriyaları” mövzusunda təqdimatla çıxış edib.
Forum çərçivəsində Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin həkim-transplantoloqu, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazimi “Transplantasiya və insan həyatı: elmi nailiyyətlər, bu günün reallıqları və gələcəyin perspektivləri”, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva “Həyatı hədiyyə verməyin gücü: mən niyə donor olmalıyam?” və həmin mərkəzin hüquqşünası Səyyarə Haqverdiyeva “Donorluq və transplantasiya: hüquqi çərçivə və sosial təsirlər” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələr tələbələr tərəfindən böyük maraqla qarşılanıb, mövzular ətrafında interaktiv müzakirələr aparılıb və iştirakçıların çoxlu sualları cavablandırılıb.
Tədbirin yekununda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Tibbi Xidmət İdarəsi tərəfindən həyata keçirilən elmi-təcrübi fəaliyyətlər barədə məlumat verib, tələbələri tədbirlərdə fəal iştirak etməyə çağırıb və 2025-ci ildə təşkil olunmuş elmi və sosial tədbirləri əks etdirən slayd-şou təqdim edilib.
Forumun bağlanış hissəsində “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin prezidenti Gülay Novruzova çıxış edərək, tədbirin təşkilində əməyi olan bütün qurum və şəxslərə təşəkkürünü bildirib, Mərkəzi Gömrük Hospitalı ilə əməkdaşlığın növbəti mərhələlərdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Forum müzakirələrdə fəal iştirak edən tələbələrə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən hazırlanmış hədiyyələrin təqdim olunması ilə yekunlaşıb.