Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yüzlərlə evin bir-birinə bitişik tikilməsi müzakirələrə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, ərazidə arasında məsafə olmayan yüzlərlə tikili var. Görüntülər sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub.
Vətəndaş çəkdiyi videoda Masazır ərazisində tikilən evlərin arasında normativ məsafənin gözlənilmədiyini və bir tikilidə baş verəcək yanğının sürətlə digər evlərə də yayıla biləcəyini bildirir.
Görüntülərə münasibət bildirən Fövqəladə Hallar Nazirliyindən deyilib ki, tikinti təhlükəsizliyinin təmin olunması üçün yaşayış evlərində layihələndirmə zamanı tələblər qorunmalıdır. Ara məsafəsi isə tikilinin ölçüsünə görə dəyişir.
O da bildirildi ki, evlərin qaz təsərrüfatı da qüvvədə olan normalara uyğun quraşdırılmalı və gələcəkdə yanğın baş verə bilməsi nəzərə alınaraq yanğınsöndürən avtomobillərinin də yan alması gözlənilməlidir.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildririr ki, kompakt şəkildə tikilən fərdi yaşayış evlərinin bir çoxu sənədsiz evlərdir. Evlərin arasında məsafə olmadan, bir-birinə bitişik tikilməsi təhlükəsizlik baxımından olduqca risklidir. Ekspert qeyd edib ki, torpaq sahəsinin 60 faizi ara məsafəsinin qorunması üçün istifadə edilməlidir.
Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, Xırdalan şəhərinin mərkəzi hissəsində, o cümlədən Masazır kəndi ətrafında mövcud olan fərdi yaşayış evləri uzun illər bundan əvvəl inşa olunub. Həmin fərdi yaşayış evlərinə bütün kommunal xidmətlər göstərilir. Hazırda Xırdalan şəhərinin mərkəzi ərazisində hər hansı bir tikinti işləri həyata keçirilmir və ərazi rayon icra hakimiyyəti tərəfindən nəzarət altında saxlanılır. Masazır kəndində aparılan monitorinqlər zamanı isə qeyri-qanuni tikinti işlərinin həyata keçirildiyi müşahidə edilib. Ən son Xırdalan və Masazırda qeyri-qanuni tikinti işləri aparılması ilə bağlı aşkarlanan faktlar üzrə rayon hüquq-mühafizə orqanlarına müraciət olunub.
Ekspertlər bildirirlər ki, fərdi yaşayış evlərinin inşası zamanı qaydaların pozulmasına görə cərimə və müxtəlif cəza mexanizmləri mövcuddur, lakin praktikada bunlara çox vaxt əməl olunmur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.