AZ

Qanunsuz olaraq silah hazırlamada ittiham edilən şirkət rəhbərlikləri amnistiyaya düşdü

Ali Məhkəmədə qanunsuz olaraq silah hazırlamada və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Rübabə Mürşüdova, Ramil Həsənov və Xudaverdi Həsənəliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayətləri qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 9 iyul tarixli qərarı, eləcə də həmin qərarla bağlı Goranboy Rayon Məhkəməsinin 2023-cü il 20 dekabr tarixli hökmü həmin şəxslərin Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirli bilinməsi və onlara cəza təyin edilməsinə dair hissədə ləğv edilib. Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, Rübabə Mürşüdova, Ramil Həsənov və Xudaverdi Həsənəliyevin Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə irəli sürülmüş cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib.


Bununla yanaşı, Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı və Goranboy Rayon Məhkəməsinin hökmü qalan hissədə dəyişdirilib. Belə ki, onların barəsində Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə qəti əsas və əlavə cəzaların təyin edilməsinə dair müddəalar məhkəmələrin hökm və yekun qərarından xaric edilib.


Eyni zamanda, Cinayət Məcəlləsinin 229.2.1-ci (qanunsuz olaraq silah hazırlama) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş Rübabə Mürşüdova, Ramil Həsənov və Xudaverdi Həsənəliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il 19 dekabr tarixli Qərarının 2.12-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad ediliblər.


İttihama görə, “Qranit-QP” MMC-nin direktoru Mürşüdova Rübabə Mustafa qızı qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edərək dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında partlayıcı maddə hazırlamaqda təqsirli bilinib.


Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, o, 2011-ci ildə partlayış texniki xidmətlərinin göstərilməsi ilə məşğul olan “Qranit-QP” MMC-nin təsisçilərinin iclas protokoluna əsasən, cəmiyyətin direktoru vəzifəsinə təyin edilib. Rübabə Mürşüdova direktor kimi işlədiyi dövrdə 2013-cü ildə vəzifə təlimatına əsasən, MMC-nin struktur bölmələrinin fəaliyyətinin təşkili, təhlükəsizlik tədbirlərinin təmin edilməsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin görülməsi, həmçinin təhlükə potensiallı obyektlərin layihələndirilməsi və istismarı ilə bağlı təşkilati-sərəncamverici və inzibati-təsərrüfat səlahiyyətlərini həyata keçirib.


İstintaqla müəyyən olunub ki, o, MMC-nin təsisçisi və direktor müavini vəzifəsində işləyən Həsənov Ramil Şəmil oğlu, həmçinin cəmiyyətin təsisçisi və baş mühəndisi Həsənəliyev Xudaverdi Vaqif oğlu ilə qabaqcadan əlbir olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən sui-istifadə edib. Belə ki, partlayıcı maddələrin istehsalı və dövriyyəsinin yalnız dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilməsini nəzərdə tutan müvafiq qanunvericilik aktlarının tələblərinə baxmayaraq, onlara verilmiş xüsusi icazənin hüdudlarını aşaraq qanunsuz fəaliyyət göstəriblər.


Məlum olub ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq dövlət agentliyi tərəfindən verilmiş xüsusi icazəyə əsasən sözügedən MMC-yə yalnız müəyyən sahələrdə istifadə olunan partlayıcı materialların dövriyyəsinə hüquq verildiyi halda, təqsirləndirilən şəxslər 2021-ci ildə icarə müqaviləsi əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən icarəyə götürülmüş Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsində qanunsuz fəaliyyət təşkil ediblər.
 

Belə ki, 2022-ci ilin yanvar ayından 2022-ci il tarixinədək olan müddətdə vahid niyyətlə məlum olmayan şəxsdən əldə etdikləri ammonium-nitrat və dizel yanacağından istifadə etməklə, cinayətdən xəbərsiz “Qranit-QP” MMC-nin işçilərinə göstəriş verərək həmin maddələrin qarışdırılması yolu ilə ümumilikdə 10 000 kiloqram partlayıcı maddə hesab edilən “İqdanit”in hazırlanmasını təmin ediblər.


Məhkəmə istintaqı zamanı bu hərəkətlərin sənaye və təhlükə potensiallı obyektlərdə işlərin təhlükəsiz görülməsinə, partlayıcı materialların hazırlanması, saxlanması, istifadəsi və uçotu qaydalarına, habelə texniki təhlükəsizlik haqqında qanunvericiliyin tələblərinə zidd olmaqla dövlətin və cəmiyyətin qanunla qorunan hüquq və mənafelərinə mühüm zərər vurduğu sübuta yetirilib.


Goranboy Rayon Məhkəməsinin hökmü hər üç şəxsə şərti cəza verilib. Həmin hökmündən təqsirləndirilən şəxslər apellyasiya şikayətləri verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin edilməyib, Goranboy Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Kamal Məmmədov 

Tarix: 27 Yanvar 2026, 08:47   
Seçilən
71
pravda.az

1Mənbələr