AZ

AMEA Naxçıvan Bölməsinin nəşriyyatı müasirləşdirilib

AMEA Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında müasir mətbəə avadanlığı istifadəyə verilib. Yeni texnologiyanın təqdimatında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev iştirak ediblər.

Mərasimdə akademik İsmayıl Hacıyev bildirib ki, AMEA Naxçıvan Bölməsi ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 7 avqust 2002-ci ildə yaradılıb və 2003-cü ilin yanvar ayından fəaliyyətə başlayıb. O, Ulu öndərin bölmənin yaradılmasına həsr olunmuş müşavirədə qarşıya qoyduğu vəzifələrin sonrakı dövrdə Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində uğurla gerçəkləşdirildiyini vurğulayıb.

Bildirilib ki, “Tusi” nəşriyyatı 2005-ci ildən fəaliyyət göstərir və bölmənin ilk nəşri olan “Elmi əsərlər” jurnalı burada buraxılır. Qurumun sonrakı jurnal və kitabları, hesabatları, biblioqrafik göstəriciləri və digər nəşrləri “Tusi” nəşriyyatında işıq üzü görüb. Yeni avadanlıq nəşriyyatın maddi-texniki bazasını müasir avadanlıqla gücləndirir və çap imkanlarını genişləndirir.

AMEA-nın prezidenti İsa Həbibbəyli nəşriyyatda ən son texnologiyalar əsasında kolioqrafiya bazasının yenidən qurulması münasibətilə bölmə kollektivini və naşirləri təbrik edib. O, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində və bu ilin əvvəlində yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan elminin ölkənin ümumi tərəqqisinə töhfəsini artırmaqla bağlı qarşıya qoyduğu vəzifələrin önəmini qeyd edib. AMEA rəhbəri Naxçıvan Bölməsinin böyük elmi potensialı olduğunu, elmi nəşrlərin sayına görə ön sıralarda yer aldığını xatırladıb, hər iki kollektivə yeni uğurlar arzulayıb.

“Tusi” nəşriyyatının əməkdaşı Qafar Qənbərov, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev yeni avadanlığın Naxçıvanda elmin inkişafına növbəti qayğı olduğunu bildirərək minnətdarlıqlarını ifadə ediblər.

Səbuhi HƏSƏNOV
XQ

Seçilən
14
1
xalqqazeti.az

2Mənbələr