2020-2025-ci illər üzrə investisiya gəlirləri 228,7 milyon manat təşkil edib. Hər il artım müşahidə olunub: 2020-ci ildə 2,8 milyon manat, 2021-ci ildə 10,9 milyon manat, 2022-ci ildə 14,9 milyon manat, 2023-cü ildə 32,7 milyon manat, 2024-cü ildə 74,4 milyon manat, 2025-ci ildə isə 93 milyon manat investisiya gəliri əldə edilib.
News365.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər üzrə mətbuat konfransı"nda çıxışı zamanı deyib.
Sədrin sözlərinə görə, bu əməliyyatlar ixtisaslaşdırılmış istiqamətlərdə həyata keçirilib və icbari tibbi sığortanın maliyyə dayanıqlığını təmin etməklə yanaşı, agentliyin gəlirlərini artırıb və vəsaitlərin dəyərsizləşmə riskini minimuma endirib. Əməliyyatlar Maliyyə Nazirliyinin dövlət istiqrazlarının alınması, bank depozitləri, qiymətli kağızların geri alınması və bank hesablarındakı faiz gəlirlərinin hesablanması kimi 4 istiqamətdə aparılıb:
“Səhiyyəyə ayrılan vəsait 2025-ci ildə 1,993 milyard manat olub. Bu məbləğin 1,266 milyard manatı əhalinin icbari tibbi sığortası üçün, 149,8 milyon manatı dövlət proqramları və tədbirlər üçün, 909 milyon manatı işəgötürən və işçi tərəfindən ödənilən sığorta haqları, 17 milyon manatı fiziki şəxslərin sığorta haqları, 140,6 milyon manatı isə avtomobil yanacağı, maye qaz, alkoqollu içkilər və tütün məhsullarının idxalı və daxili istehlakı üzrə daxilolmalar təşkil edib. Digər daxilolmalar isə 88,6 milyon manat olub”.
Onun sözlərinə görə, bundan başqa, stasionar tibbi xidmətlərdə dərman və tibbi sərfəyə ayrılan vəsait ITS-dən əvvəl 2019-cu ildə 45,63 milyon manat idisə, ITS-dən sonra 2025-ci ildə bu məbləğ 190 milyon manata çatıb.