AZ

Təhkimolunma prosesi 3,5 milyon nəfəri əhatə edəcək - Zaur Əliyev

“Artıq təhkimolunma prosesinə start verilib və bu proses təxminən 3,5 milyon nəfər əhalini əhatə edəcək. Paralel olaraq əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır ki, bu da səhiyyə xidmətlərinin daha düzgün planlaşdırılmasına imkan verəcək".

SİA xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında səsləndirib.

Agentlik sədri bildirib ki, kadr potensialının gücləndirilməsi istiqamətində Bərdə rayonunda 43 təlim modulu üzrə 60 ailə həkimi, eləcə də 10 modul üzrə 250-dən çox tibb bacısı üçün ixtisasartırma təlimləri keçirilib.

Onun sözlərinə görə, ümumilikdə ölkə üzrə 78 Ailə Sağlamlıq Mərkəzinin, 871 həkim məntəqəsinin, 1168 tibb məntəqəsinin, eləcə də Bakıda 106 ambulator-poliklinik müəssisənin optimallaşdırılması nəzərdə tutulur.

Zaur Əliyev vurğulayıb ki, həyata keçirilən bu tədbirlər ilkin səhiyyə xidmətlərinin əlçatanlığını artıracaq, xidmət keyfiyyətini yüksəldəcək və şəbəkənin idarə olunmasını avtomatlaşdıracaq.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
29
sia.az

1Mənbələr