AZ

Tibbi Xidmətlər Zərfinə 3 yeni xidmət əlavə olunub

Bu barədə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev "2025-ci ilin yekunları və hədəflər" mövzusunda keçirilən mətbuat konfransında danışıb. O deyib ki, qəbul olunmuş dəyişikliyə əsasən, anadangəlmə ağır dərəcəli eşitmə məhdudiyyətli şəxslərin tibbi təminatının gücləndirilməsi məqsədilə koxlear implantdan istifadə edən şəxslər üçün 3 yeni tibbi xidmət Xidmətlər Zərfinə daxil edilib:

"Bu xidmətlər koxlear implantın nitq prosessorunun tənzimlənməsi, yenilənməsi və əvəzlənməsini əhatə edir. Belə ki, koxlear implantın istifadəsindən 1 il keçdikdən sonra nitq prosessorunun 4 dəfə tənzimlənməsi xidməti icbari tibbi sığorta hesabına təmin ediləcək".

Zaur Əliyevin sözlərinə görə, sözügedən xidmət cihazın istifadəçiyə uyğunlaşdırılmasına, eşitmə performansının optimallaşdırılmasına və reabilitasiya prosesinin daha effektiv aparılmasına imkan verəcək:

"Eyni zamanda, ən azı 5 il müddətində istifadə edilmiş köhnə nitq prosessorlarının daha müasir texnoloji imkanlara malik yeni model nitq prosessorları ilə əvəz olunması da icbari tibbi sığorta təminatına daxil edilib. Bu dəyişiklik eşitmə keyfiyyətinin və gündəlik kommunikasiya imkanlarının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına şərait yaradacaq".

İdarə Heyətinin sədri bildirib ki, müvafiq qaydalar çərçivəsində zəmanət müddəti bitmiş və texniki cəhətdən yararsız hala düşmüş nitq prosessorlarının eyni modelin yenisi ilə əvəzlənməsi xidməti də Xidmətlər Zərfi təminatına alınıb:

"Qəbul olunan qərarların koxlear implantdan istifadə edən şəxslərin uzunmüddətli və davamlı tibbi dəstəklə təmin olunmasına, onların sosial həyata daha fəal inteqrasiyasına xidmət edir".

AzVision.az
Seçilən
7
15
azvision.az

10Mənbələr