AZ

Universitetlər muxtariyyətə hazırdır? - AÇIQLAMA

Azərbaycanda ali təhsil sistemində islahatların dərinləşdirilməsi ilə bağlı daha bir təklif irəli sürülüb. 

Belə ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə universitetlərə daha geniş muxtariyyət verilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ali məktəblər müstəqil qərarvermə imkanlarına malik olduqları halda əmək bazarının tələblərinə daha operativ reaksiya verə, yeni ixtisasları daha rahat və çevik şəkildə aça bilərlər. 

Deputat bildirib ki, universitetlərin akademik və idarəetmə baxımından sərbəstliyinin artırılması təhsilin keyfiyyətinin yüksəldilməsinə, innovativ yanaşmaların tətbiqinə və rəqabətqabiliyyətli kadr hazırlığına müsbət təsir göstərər. Bu kontekstdə muxtariyyət məsələsi ali təhsil sahəsində aparılan müzakirələrin əsas mövzularından biri kimi gündəmə gətirilib. 

Maraqlıdır, yaxın perspektivdə universitetlərə muxtariyyət verilməsinin şahidi ola bilərik?

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Hit.az-a açıqlama verib.

O bildirib ki, universitetlərə muxtariyyət verilməsi məsələsində fərqli-fərqli fikirlər səsləndirilir:
“Lakin düşünürəm ki, universitetlərə muxtariyyətin verilməsi 99,9% hallarda müsbət effekt verə bilər. Bir şərtlə, əgər universitet özü buna hazırdırsa. Universitetə muxtariyyət verildikdə özünü maliyyə, akademik, habelə inzibati cəhətdən tam şəkildə idarə və təmin edə biləcəksə, o zaman bunun çox böyük faydası olacaq. 

Beynəlxalq təcrübədə görürük ki, nəhəng universitetlər qəbul, təhsil pillələri, akademik və inzibati məsələləri özü tam sərbəst şəkildə idarə edir. Çünki onların buna imkanı və resursları çatır. Yəni muxtariyyət statusunda olan universitetin bəlli büdcəsi olur və dövlətdən aldığı büdcə hesabına formalaşmır. Bizim universitetlər kimi ödənişli oxuyan tələbələrin təhsil haqqı ilə ödənişsizdə oxuyanların təqaüdünü və yaxud da müəllim-professor heyətinin maaşını təmin etmir”.

Ekspert qeyd edib ki, elm, sənaye və innovasiya prinsiplərini gözəl şəkildə uzlaşdıra bilən universitetə tam şəkildə uyğun gəlir:
“Beləcə, həmin universitet əmək və istehsalat bazarında, eləcə də sənayedə bir biznes resursu kimi çıxış edə bilir. Universitet onda hansısa quruma və ya Elm və Təhsil Nazirliyinə tabe olmur. Bu zaman muxtariyyət verilə bilər. 

Amma çox təəssüf ki, bizim universitetlərdə öz büdcəsini formalaşdırmaq ənənəsi yoxdur. Universitetlərimiz hələ də özü pul qazanmaq gücündə axsayır. Maliyyə asılılığının olduğu bir yerdə bu o qədər də effekt verməz. Ona görə də hələ ki, buna tələsməməliyik. Lakin ilkin addımlar atılmalıdır. Universitet muxtariyyət prinsiplərinin müəyyən elementlərindən istifadə etməlidir”.

Elmin Nuri əlavə edib ki, hazırda muxtariyyət prinsiplərini icra edə biləcək 30-a qədər universitetimiz var:
“Lakin onların buna hazır olması sual altındadır. Ancaq yenə də bunu ideya və təklif olaraq alqışlayıram. Bu təklifi verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Fariz İsmayılzadə universitet mühitini və dünya universitetlərinin idarəçilik mexanizmini çox yaxşı bilir. Yəni onun da bu təklifi verməsi üçün bir əsası var. Ümumilikdə isə ilk mərhələdə muxtariyyətin müəyyən elementlərini pilot olaraq bir neçə universitetdə tətbiqinə şahid olsaq, ondan sonra bu məsələlər barəsində daha ətraflı danışa bilərik”.

Elmir Mustafa
 

Seçilən
13
hit.az

1Mənbələr