AZ

Ötən il Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6,2 faiz təşkil edib

Bakı, 27 yanvar, AZƏRTAC

2025-ci il ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6,2 faiz təşkil edib ki, nəticədə ARDNF 6 milyard 894,1 milyon manat həcmində gəlir əldə edib.

AZƏRTAC ARDNF-nin 2025-ci ilin yanvar-dekabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, fondun 2025-ci il büdcəsinin icrası çərçivəsində 14 milyard 481 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

2025-ci ilin yanvar-dekabr aylarında aşağıdakı icrası davam edən layihələrə 105,5 milyon manat yönəldilib, o cümlədən:

- “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 18,6 milyon manat;

- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 86,9 milyon manat yönəldilib.

Hesabat dövrü ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 40,7 milyon manat təşkil edib.

2025-ci il ərzində maliyyə bazarlarındakı tendensiyalar ARDNF-nin aktivlərinə müsbət təsir göstərib. ABŞ-da əmək bazarının nisbətən zəifləməsi və tariflərin tətbiqindən gözlənilən inflyasiyanın reallaşmaması səbəbindən, Avrozonada yumşaldıcı monetar siyasətin davam etməsi fonunda, Birləşmiş Krallıqda isə əsasən əmək bazarının zəifləməsi nəticəsində mərkəzi banklar uçot faiz dərəcələrini endirib ki, bu da öz növbəsində istiqrazların gəlirliliyinə müsbət töhfə verib. Bununla yanaşı, istiqrazlarda hələ də müşahidə olunan yüksək faiz dərəcələri ARDNF-nin borc öhdəlikləri altportfelinin əsas gəlirlilik komponenti olub.

ARDNF-nin səhm investisiyaları da il ərzində müsbət gəlirlilik göstərib. Şirkətlərin maliyyə göstəricilərinin ümumən dayanıqlı olması, texnologiya sahəsində, o cümlədən süni intellekt sahəsində əldə edilən irəliləyişlər, həmçinin qabaqcıl mərkəzi bankların faiz dərəcələrini endirməsi bazarlarda müsbət dinamikanı şərtləndirib.

Ötən ildə daşınmaz əmlak və infrastruktur investisiyalarının gəlirliliyi sektorlardan asılı olaraq fərqli nəticələr nümayiş etdirib. Ofis sektorunda müşahidə edilən təzyiqlərin davam etməsinə baxmayaraq, logistika, yaşayış tipli daşınmaz əmlaklar və infrastruktur aktivlərinə tələbin yüksək olması sözügedən sektorlarda dayanıqlı gəlirliliyi təmin edib. Nəticədə, ARDNF-nin daşınmaz əmlak altportfeli 2025-ci ildə müsbət gəlirlilik əldə edib.

Mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatıb. Bununla da, ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlər formalaşıb.

Seçilən
53
9
azertag.az

10Mənbələr