AZ

Fevral-martda canlanma gözlənilir: Mənzil bazarı ilə bağlı PROQNOZ

"İl ərzində kapital yığımı həyata keçirən vətəndaşlar və sahibkarlar ilin sonunda daşınmaz əmlak bazarına çox ciddi investisiya yatırımı etdilər və bu da bazarda müəyyən qədər canlanma şəraiti yaratdı".

Bunu Ölkə.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, indi ilin əvvəlidir, ilk ayını yekunlaşdırırıq və adətən bu dövrdə yeni layihələrin başlanğıcı, yeni planlamalar və ilin ilk mərhələsində daşınmaz əmlak istiqamətində addımlar o qədər də aktiv atılmır:

"Yəni adətən yanvar ayında ciddi aktivlik hiss olunmur və bazarda hazırda müəyyən qədər durğunluq var. Amma bu durğunluq qiymətlərin aşağı düşməsinə səbəb olan durğunluq deyil. Bu, sadəcə ilin başlanğıcıdır və kapital yığımına start verən vətəndaşlarımızın və sahibkarların ilkin bazar nəbzini yoxlama dövrüdür. Yəni yanvar ayı adətən ötən ildən qalma borcların alınması, yeni planların və layihələrin qurulması, yeni layihələrin icrasına hazırlıq dövrü kimi xarakterizə olunur və bu ayda durğunluğun olması təbiidir.

Eyni zamanda, ilin maliyyə və iqtisadi baxımdan o qədər də qənaətbəxş olmayacağı ilə bağlı proqnozlar mövcud olduğuna görə, vətəndaşlar bir növ müəyyən qədər tərəddüd içərisindədirlər. Bu da bazarda durğunluğun yaranmasına səbəb olub. Hazırda ilk ayı xarakterizə etsək, daşınmaz əmlak bazarında müəyyən durğunluğun olduğunu qeyd etmək olar. Amma yenə qeyd edirəm ki, alqı-satqı faktlarının azalması heç də qiymətlərin aşağı düşməsinə, enməsinə səbəb olmur. Bu ondan irəli gəlir ki, daşınmaz əmlak bazarı təklif-tələb üzərində və onların əlaqəsi üzərində dayanmayıb". 

V.Oruc qeyd edib ki, daşınmaz əmlak bazarı hazırda yeganə investisiya istiqamətlərindən biri olduğuna, daşınmaz əmlak inşası və tikintisinin çox böyük məsrəflər tələb etdiyinə və qiymətlərin bütün istiqamətlərdə artımının baş verdiyinə görə, hələ ki, aşağı qiymətlərə və təkliflərə rast gəlinmir:

"Düşünürəm ki, hər il olduğu kimi fevral ayının sonu, mart ayının əvvəlində tikinti bazarında aktivlik müşahidə edildiyi halda, bu, eyni zamanda daşınmaz əmlak bazarına da təsir göstərir. Digər tərəfdən, bildiyimiz kimi, İpoteka və Kredit Zəmanət Fondu ilin əvvəllərində kredit ayırmalarını həyata keçirir ki, bu da daşınmaz əmlak bazarına çox ciddi təsir göstərir və dinamika yaradır, alqı-satqı faktlarının artımına səbəb olur. Düşünürəm ki, yaxın günlərdə əgər İpoteka və Kredit Zəmanət Fondu belə bir addım atarsa, bazardakı durğunluq aradan qalxacaq".

Həmidə İbrahimova

Seçilən
34
2
olke.az

3Mənbələr