AZ

Müdafiə Nazirliyi Arxiv İdarəsinin sabiq rəisinin məhkəməsi başladı

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin məhkəməsi başlayıb.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə məlum olub ki, Ruhin Tağıyevin müqavilə əsasında tutduğu vəkil Kərimağa Tağıyev vəfat edib, o, dövlət hesabına vəkillə təmin olunub.

Dövlət hesabına təyin edilən vəkil ittiham aktı ilə tanış olmadığı üçün məhkəmənin hazırlıq iclasının təxirə salınmasını xahiş edib.

Məhkəmə vəsatəti təmin edərək hazırlıq iclasını fevralın 4-nə kimi təxirə salıb.

Qeyd edək ki, Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin barəsində Müdafiə Nazirliyindən daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.

İstintaq materiallarında qeyd olunub ki, Ruhin Tağıyev 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət edən hərbi qulluqçuların adlarını ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edib.

Bununla o, hərbi qulluqçuların xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən külli miqdarda pulu rüşvət qismində almaqda, habelə hərbi qulluqçuların şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alverində təqsirli bilinib.

Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda qeyd olunub ki, oxşar xarakterli əməllərin törədilməsində iştirak edən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılıb.

"Cebheinfo.az"

Seçilən
51
8
cebheinfo.az

10Mənbələr